Masallıda növbəti onlayn müşavirə keçirilib

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib.

XALQ.AZ-ın bölgə müxbiri xəbər verir ki, onlayn müşavirədə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Masallıda koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə bütün zəruri tədbirlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar öz töhfəsini verməkdədir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin müddətinin 31 mayadək uzadılması və yumşaldılması barədə tədbir iştirakçılarına məlumat verən Ş.Məmmədov ölkəmizin bir sıra rayonları kimi, Masallıda da əmək fəaliyyətinə başlanılmasının məqbul sayıldığını diqqətə çatdırıb.

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində rayonda aztəminatlı əhalinin zəruri qida məhsulları ilə təminatı, xeyirxah insanların imkansız ailələrə etdiyi yardımlar, əhaliyə gündəlik çörək paylanması, əhalinin “Evdə qal!” çağırışına yüksək səviyyədə əməl etməsi barədə danışan icra başçısı, Heydər Əliyev Fondunun, Masallı Regional Mədəniyyət İdarəsinin, xeyriyyəçilərin, sahibkarların dəstəyi ilə rayonda ümumilikdə 16248 imkansız və aztəminatlı ailələrə 700 min manat dəyərində ərzaq yardımlarının paylandığını bildirib.

Onlayn müşavidərə Masallı rayonunda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələr də müzakirə edilib.

Ölkə başçısının ölkəmizdə tərəvəzçiliyin, çayçılığın və çəltikçiliyin inkişafı ilə bağlı verdiyi Sərəncam, tapşırıq və tövsiyələrin Masallıda uğurla icra olunduğu qeyd edən Ş.Məmədov bildirib ki, görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonda tərəvəz istehsalı ildən-ilə artmaqdadır. Tütünçülük və çiyələkçiliyə də geniş yer verilir, istehsal sahələri genişlənir.

Rayonda 217 hektar sahədə çiyələk əkini aparlıb. Çiyələk yığımının başlanmasına baxmayaraq yığımla bağlı 300 nəfərdən çox işçiyə ehtiyac vardır.

İcra başçısı çiyələk sahəsi və digər əkin sahələrinə işçilərin ərazilərdən cəlb olunması məqsədi ilə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirlərinə, həmçinin inzibati ərazi dairəsi üzrə nümayəndələrinə, bələdiyyə sədrlərinə müvafiq tapşırıqlar verib:-“Məhsul istehsalçılarının Viləşçay su anbarı ilə müqavilələrini təmin etmək lazımdır. Eyni zamanda, yaxın günlərdə bir neçə sututarlarla bağlı təmir işləri aparılmalıdır.”

İcra başçısı rayonda baramaçılığın inkişafına xüsusi diqqətin ayrıdığını qeyd edərək Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının kümdarlar üçün barama qurdunun gətirilməsi üçün tapşırıqlarını verib.

Müşavirədə, həmçinin pamidor, xiyar, çəltik, çay, tütün, çiyələk və digər kənd təsərrüfatı bitkilərinin əkini və becərilməsi ilə bağlı müzakirələr aparılıb.

Onlayn müşavirədə Rayon Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Cəlil Nəzərov, Masallı Rayon Məşğulluq İdarəsinin rəisi Ramin Nüsrətov, Viləşçay su anbarının müdiri Mahir Əliyev və başlararı çıxış edərək, pandemiya dövründə rayonda gördüyü işlər və qarşıda duran vəzifələrdən danışıblar.