“McDonald’s” “Bakı-2015”in rəsmi tərəfdaşı oldu

Mc

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) iyulun 31-də “McDonald’s” şirkətini gələn il keçiriləcək bu mötəbər idman yarışlarının rəsmi tərəfdaşı elan edib.

XALQ.AZ-ın məlumatına görə, bu tərəfdaşlığa “McDonald’s” şirkətinin restoranları, eləcə də Bakıda və bölgələrdə ilk Avropa Oyunları haqqında məlumatların çatdırılması istiqamətində kampaniyalar daxilində brend tərəfdaşlığı daxildir. Bundan başqa, “McDonald’s” şirkəti öz restoranlarında müştərilərə məlumat verməklə Oyunlarla bağlı yarışlar və “Bakı-2015” üçün xüsusi olaraq tərtib edilmiş menyu vasitəsilə Azərbaycanın hər yerində Avropa Oyunları ilə bağlı təbliğat işi aparacaq.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “McDonald’s” brendi dedikdə bütün dünyada əsas beynəlxalq idman yarışları yada düşür. Şirkətin birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olması haqqında sazişi imzalamağımızdan məmnunam”.

O bildirib ki, saziş Azərbaycanda Avropa Oyunları haqqında daha çox məlumatın yayılmasına imkan yaradacaq. Əminəm ki, bu imkan gələn yay Bakıda keçiriləcək tarixi və unudulmaz idman yarışlarına daha çox maraq oyadacaq.
“McDonald’s”ın Azərbaycandakı bütün restoranlarında aparılacaq kampaniyalar hər ay təxminən 750 min müştərini əhatə edəcək.

Şirkətin Azərbaycandakı filiallarının icraçı direktoru Maqsud Mirzəyev qeyd edib ki, Azərbaycan üçün əhəmiyyətli olan yarışlara dəstək göstərmək “McDonald’s” üçün böyük şərəfdir. Biz restoranlarımıza gələn müştərilərimiz arasında Avropa Oyunlarını daha da unudulmaz edəcək və məşhurlaşdıracaq yaradıcı marketinq strategiyalarının hazırlanmasında bütün səylərimizi və təcrübəmizi əsirgəməyəcəyik.

“McDonald’s şirkətinin malik olduğu böyük nüfuzu nəzərə alsaq, onun Oyunlara göstərdiyi dəstəyə etibar etmək çox vacibdir. Bu dəstək bizim “Bakı-2015” brendimizə olan etibarı daha da artıracaq”, – deyə BEGOC kommersiya şöbəsinin direktoru Çarli Vijeratna bildirib.

“McDonald’s” şirkəti 1976-cı ildən etibarən Olimpiya Oyunlarının əsas sponsoru olub. Şirkət 2012-ci ildə sponsorluğunu daha səkkiz il müddətinə uzadıb. “McDonald’s”, eyni zamanda, futbol üzrə dünya çempionatı kimi əsas beynəlxalq idman yarışlarında da kifayət qədər təcrübəyə sahibdir.

Qeyd edək ki, gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaq.

“Bakı-2015” Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaq.

İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaqdır. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilmişdir. Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.