Millət vəkili bələdiyyə sədri ilə görüşüb

 

87

 

Konyada səfərdə olan Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Məram bələdiyyə sədri Sərdar Qalayçı ilə görüşüb.

Xalq.azın məlumatına görə, görüşdə Azərbaycan Yazıçılar Birliyin bölmə rəhbəri Sərvaz Hüseyinoğlu, şairə Gülayə Rzayeva,  Azərbaycanın Əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan və opera və səs sənətçisi İlham Əsgəroğlu da iştirak ediblər.

Millət vəkili Q.Paşayeva Azərbaycanla Türkiyə arasında əlaqələrin hələ keçmiş dövrlərdən qurulduğunu qeyd edərək, Məramla Azərbaycanın Şəki bölgəsinin qardaşlaşmış şəhər olduğunu deyib, Məramın Alavar məhəlləsində Şəki parkının salınmasını iki ölkə arasında olan yaxşı əlaqələrin bariz nümunəsi adlandırıb.

Q.Paşayeva atılan addımları yüksək qiymətləndirərək iki qardaş ölkənin bölgələri arasında da əlaqələri möhkəmləndirməyin mühüm əhəmiyyət daşıdığını bildirib.

Sonra millət vəkili müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının ikinci hissəsini hazırlamağı planlaşdırdığını və həmin hissədə mənəviyyat dünyamız və tariximizdə böyük yeri olan Konyaya və Mərama da geniş  yer verəcəyini bildirib.

Məram Bələdiyyəsinin sədri S.Qalayçı millət vəkili Q.Paşayevaya Məramda açılan, türk dünyasının memarlıq abidələrinin cəmləşdiyi “80 Mində Dövr-ü Aləm” parkı haqqında məlumat verib, parkda Azərbaycana aid memarlıq nümunələrinin də olduğunu diqqətə çatdırıb:

“Parkımızda tarix, mədəniyyət, sənət bir ünvanda cəmləşib. Parkın “Cihan-ı Türk” hissəsində türklərin Adriatik dənizindən Çinə qədər böyük bir coğrafi ərazidə qurduğu mədəniyyətin daşdan yonulmuş 120 abidəsi yer alıb. Həmin abidələrin içərisində qardaş ölkə Azərbaycanın ən mükəmməl memarlıq nümunələrindən olan Şirvanşahlar Sarayı, Möminə Xatun Türbəsi və Qız Qalası da var”.

Daha sonra Q.Paşayeva  S.Qalayçıya Azərbaycan tarixi və həqiqətlərini əks etdirən müəllifi olduğu kitablarla birgə türk dünyasının qolunun və sözünün gücünü simvolizə edən qılınc və qələm hədiyyə edib.

Q.Paşayeva S.Qalayçıya Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında da danışaraq münaqişə nəticəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar barədə geniş məlumat verib.

Görüşün sonunda Q.Paşayeva S.Qalayçını yenidən Azərbaycanda görməkdən məmnun olacağını deyərək onu ölkəmizə dəvət edib. Bələdiyyə sədri bu dəvəti məmnuniyyətlə qəbul edib.

 

88 89 91