Millət vəkili evləri atəşə tutulan ailəni ziyarət edib

65

 

Millət vəkili Qənirə Paşayeva Tovuzun Yuxarı Öysüzlü kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan Rasim Qarayevin evini, ailəsini ziyarət edib.

Xalq.az  xəbər verir ki, atəş nəticəsində evin divarlarında qəlpələrdən yaranan deşikləri göstərən ailə üzvləri millət vəkilinə hadisə barədə məlumat verərək bildiriblər ki, xoşbəxtlikdən evin atəşə tutulan ön həyət hissəsində oynayan uşaqlar atəşdən cəmi bir neçə dəqiqə əvvəl ordan gediblər və həmin zaman evin həyətə baxan tərəfində heç kəs olmayıb. Yoxsa böyük faciələr yaşaya bilərmiş. Ermənistanın müqəddəs Qurban bayramı günlərində belə hərəkətlərini vandalizm adlandıran ev sahiblər onların hər zaman dinc kənd sakinlərinə snayper və müxtəlif silah növlərindən atəş açaraq zərər yetirməsi, özəlliklə bayram günlərində belə addım atmalarını insanlıqdan kənar addım adlandırıblar.

Ailə ilə geniş söhbət edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu bir daha onu göstərir ki Ermənistan və ermənilər insanlıqdan kənar əməllərinə, vandalizm aktlarına heç bir zaman son qoymayacaqlar: “Allaha çox şükür ki, həmin vaxt evin ön hissəsində kimsə olmadığı üçün xəsarət alan olmayıb. Bu kimi hadisələr Ermənistanın iç üzünü bir daha göstərir. Sivil insanları, uşaqları, qadınları, sadə insanların evlərini, həyətlərini atəşə tutmaq onların xislətlərinin ən bariz nümunəsidir və çox təssüf ki, dünya ictimaiyyəti onların bu cür insanlıqdan kənar addımlarına gərəklə reaksiya verib, ciddi etiraz bildirmirlər. ATƏT bu cür ciddi hadisələrlə məşğul olsa daha yaxşı olardı. Amma təssüf ki biz bunu görmürük deyən millət vəkili ATƏT-in Minsk qrupu da daxil olmaqla beynəlxalq təşkilatların Ermənistanı bu cür əməllərdən çəkindirmək üçün rəsmi İrəvana təzyiqlər göstərmədiyi deyib.

Millət vəkili Qənirə Paşayeva təmsil olunduğu Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla bu məsələni, Ermənistanın bu növbəti vandalizm aktının bir daha beynəlxalq təşkilatların diqqətinə çatdırılacağını və Ermənistandan dinc insanlara qarşı bu cür əməllərə son qoyulmasını tələb edən müvafiq sənədin qəbul edilməsinin, addımlar atılmasının vacibliyinin bir daha beynəlxalq qurumlarda tələb ediləcəyini deyib.