Millət vəkili işçilərin hüquqlarında danışdı

35

 

Qənirə Paşayeva əmək müqavilələri olmadan işçi çalışdıran və işçilərinin aldığı əmək haqlarını rəsmi sənədlərdə çox aşağı göstərən şirkət və qurumlara qarşı insanlarımızın haqlarını qorumaq üçün mübarizəni və cəza tədbirlərini sərtləşdirməyə çağırdı. Bu gün də bir sıra şirkətlər və qurumlar əmək müqaviləsi bağlamadan insanları işə cəlb edirlər. Buna qarşı hökumətin və ayrı-ayrı müvafiq qurumların mübarizəsi sərtləşməlidir.Xalq.az  xəbər verir ki, bu sözləri Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcəsi müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib. O bildirib: “Unutmamalıyıq ki, biz pensiya təminatı ilə bağlı fərdi uçot sisteminə keçmişik, yəni hər bir insan öz əmək haqqında DSMF-na nə qədər vəsait ödəyibsə, ona müvafiq də pensiya alacaq. Əmək müqaviləsi olmadan çalışan insanların əmək müqavilələri və buna müvafiq olaraq DSMF-na ödəmələri olmadığı üçün gələcəkdə onların pensiyaları sual altında qalacaq və yüzlərlə insanın gələcəyi böyük təhlükə qarşısında qala bilər. Ona görə də əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət və qurumlara qarşı mübarizə və cəza mexanizmləri sərtləşdirilməlidir. Digər bir problem ondan ibarətdir ki, bəzi şirkətlərin öz işçilərinə ödədiyi faktiki maaş ilə rəsmi maaş arasında böyük bir uçurum var. Yəni bəzi şirkətlər işçilərinə ödədiyi faktiki əmək haqqından çox aşağı əmək haqqını sənədlərdə göstərirlər. Bunun nəticəsində də həmin şəxslərin əmək haqlarında DSMF-na ödəmələr və demək ki, həmin insanların gələcəkdə normal pensiya ala bilmələri də zərbə altına düşür. Eyni zamanda dövlət büdcəsindən nə qədər vəsait yayınır və sadə insanlar da bunun əziyyətini çəkirlər. 2-3 gün öncə mənim yanıma bir ailə gəlmişdi və övladlarının ipoteka krediti almasına köməklik göstərmələrini istəyirdi. Mən onlara söyləyəndə ki, övladlarının aldığı maaş ipoteka krediti almağa imkan verir və siz rəsmi müraciət etməklə dövlətin bu proqramından yararlanan bilərsiniz. Ailə vurğuladı ki, problem ondan ibarətdir ki, rəsmi sənədlərdə övladlarının aldığı əmək haqları onların faktiki əmək haqlarından həddindən artıq aşağıdır. Sənədlərdə göstərilən əmək haqqı ilə ipoteka kreditini əldə etmək mümkün deyil. Bu barədə həmin özəl qurumun rəhbəri ilə danışmaq istədiyimi dedikdə isə ailə “Qənirə xanım, xahiş edirik, deməyin, övladlarımızı işdən çıxardar, işsiz qalar” dedi. İnsanlar iş tapmaq asan olmadığından və işlərini itirməmələri üçün bəzən əmək müqaviləsi olmadan işləməyə və ya faktiki aldığı əmək haqqının rəsmi sənədlərdə daha az göstərilməsinə və bu şərtlərlə işləməyə razı olmağa məcbur olurlar. Bu kimi hallar DSMF-na və dövlət büdcəsinə vəsaitin gizlədilməsinə səbəb olur ki, bu cür hallara tamamilə son qoymaqla DSMF-na daxil olmaları və dövlət büdcəsinə gəlirləri artırmaq olar”.