Millət vəkili Prezidentlə görüşdü

 

84

Millət vəkili Qənirə Paşayeva Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezident Dərviş Əroğlu ilə görüşüb və ŞKTC-nin yaranmasının 30 illiyi ilə bağlı tədbirlərdə iştirak edib. Xalq.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Şimal Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu ilə görüşdə dost, qardaş Azərbaycanlıların ŞKTC-nin uğurlarına hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü, Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib.

Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandıqlarını söyləyən millət vəkili qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir. Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb.

Prezidenti Dərviş Əroğlu Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran ŞKTC prezidenti Dərviş Eroğlu ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb. Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmamasından, Azərbaycan torpaqların 20 faizinin hələ də Ermənistanın işğal altına saxlamasından, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evinə dönə bilməməsindən üzüntü duyduqlarını deyən Dərviş Əroğlu beynəlxalq təşkilatların bu məsələdə laqeydliyinin narahatverici olduğunu deyib.

Xocalı Soyqırımı barədə ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva Dərviş Əroğluna Dr. Havva Məmmədova ilə birlikdə həmmüəllifi olduğu və Türkiyə türkcəsində hazırlanan “Hocalı Soykırımı tanıkların dilindən” kitabını, Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduqları kitabları hədiyyə edib. Millət vəkili Qənirə Paşayeva həmçinin SKTC-nin yaranmasının 30-cu ildönümü ilə bağlı tədbirlərdə də iştirak edib. Tədbirlərdə Türkiyədən yüksək səviyyəli dövlət nümayəndə heyəti ilə bərabər bir sıra ölkələrdən millət vəkilləri, ictimai-siyasi xadimlər də iştirak edib.