Millət vəkilləri BMT-nin nümayəndəsi ilə görüşdülər

 

11

Azərbaycan Milli Məclisinin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva 24 oktyabr BMT günü münasibətilə BMT-nin Bakı ofisinin rezident-əlaqələndiricisi Antonio Broekin ilə görüşüblər.

 

Xalq.az xəbər verir ki , görüşdə Azərbaycanın BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin mühüm hadisə olması qeyd olunub. Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə bütün istiqamətlərdə əməkdaşlığının daha da genişlənməsi istiqamətində müxtəlif layihələrin həyata keçirildiyi və Azərbaycan dövləti tərəfindən bu layihələrin reallaşmasına böyük dəstəyin göstərildiyi bildirilib. BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı qəbul edilən 4 qətnamənin yerinə yetirilməsinin vacibliyi millət vəkilləri tərəfindən vurğulanıb.

 

BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən bu qətnamələrə əməl olunmamasının ağır nəticələri, beynəlxalq hüquq prinsiplərinə Ermənistanın məhəl qoymaması xüsusi qeyd edilib.

 

Bildirilib ki, bu gün hər bir Azərbaycan vətəndaşı BMT-nin bu sahədə fəaliyyətinin canlanmasına böyük ümid bəsləyir. BMT-nin Bakı ofisinin rezident-əlaqələndiricisi Antonio Broekin təmsil etdiyi qurumun Azərbaycan ilə bütün istiqamətlərdə əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın getdikcə daha da genişlənməsinin və Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlərindən biri kimi seçilməsinin təqdirəlayiq olduğunu deyib. Görüşdə BMT-nin Azərbaycanda həyata keçirdiyi layihələrdən, Azərbaycanda sosial problemin səmərəli həllindəki nailiyyətlərdən, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasının əsas müddəalarından bəhs edilib.

 

12 13