Milli Məclisdə qalmaqal

Milli meclis-2

İqbal Ağazadə Respublika günü ilə bağlı amnistiya təklif edib.

XALQ.AZ-ın məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında deputat İqbal Ağazadə bildirib ki, qarşıdan gələn 28 may Respublika günü münasibəti ilə amnistiya elan olunsun:

“NİDA-çı gənclər üçün bu qədər cəza istənilməsi prokuror orqanlarını da pis vəziyyətdə qoyur. İlqar Məmmədov və Tofiq Yaqubluya verilən həbs müddətlərinə baxanda dəhşətə gəlirəm. Azərbaycanda bu qədər gəncin həyatını puç etmək məncə düzgün deyil. Qarşıdan Respublika günü gəlir. Yaxşı olar ki, həmin gün Milli Məclis tərəfindən amnistiya aktı qəbul olunsun. Həmin şəxslər də azad olunsun”.

İqbal Ağazadənin amnistiya təklifinə cavab olaraq millət vəkili Siyavuş Novruzov sərt ittihamlar irəli sürüb. O bildirib ki, NİDA-çı uşaqları öyrədib əlinə “molotov kokteyli”, dəmir parçası verən, öz övladlarını qoruyub başqalarının övladının başını dolduran, qızışdıranlar o uşaqları polisin üzərinə və iğtişaş törətməyə göndərirlər: “Azərbaycanda siyasi məhkəmə yoxdur. Bu termin haradandır? Məhkəmənin hökmü verilməmiş indidən məhkəmənin çıxaracağı qərarın üzərinə kölgə salmaq olmaz. Hər bir məhkəmədən sonra başqa instansiya məhkəmələri var. Əgər bu məhkəmənin qərarından razı deyilsənsə, digər yerlərdə araşdırıla bilər. Hətta Avropa Məhkəməsinə kimi gedib çıxa bilər”.

S. Novruzov bildirib ki, NİDA-çı gənclərin prosesində faktiki olaraq siyasi məhbusdan, siyasi məhkəmədən söhbət gedə bilməz: “Konkret olaraq törədilən cinayət faktları ilə bağlı məhkəmədən söhbət gedə bilər. İxtisasından, peşəsindən asılı olmayaraq qanun qarşısında hamı məsuliyyət daşıyır”.