Milli Məclisin yaz sessiyasının ən fəal deputatları — SİYAHI

Milli Məclis iyul ayının 14-dən etibarən tətilə çıxsa da deputatlarımızın bir çoxu ictimai fəallığını yenə də saxlayır. Bir çox deputatlarımız tətil olmasına baxmayaraq ictimai-siyasi həyatımızda olduqca fəaldır. 

Sözügedən deputatlar 2023-cü ilin yaz sessiyası dönəmində də həm parlamentin fəaliyyətində, həm də mətbuatla, o cümlədən seçiciləri ilə münasibətlərdə müsbət mənada fərqləniblər.

Bizim.Media Milli Məclisin yaz sessiyası dövründə qanunverici orqanda və eləcə də ictimai-siyasi həyatımızda ən fəal 10 deputatın siyahısını hazırlayıb.

Həmin siyahını təqdim edirik:

1. Hikmət Babaoğlu 

Parlamentin ən aktiv deputatlarından biridir. O parlamentin panel və plenar iclaslarında çox aktiv olub. Müzakirəyə çıxarılan bütün qanun layihələrinə onun öz yanaşması var. Üstəlik, Hikmət Babaoğlu ötən dövr ərzində media ilə ünsiyyətdə də fəallığı ilə seçilib.

2. Vüqar İskəndərov 

Milli Məclisin işində aktivlik göstərməsi ilə yanaşı ictimai həyatımızda da fəal olub. Sosial-iqtisadi və siyasi məsələlərin müzakirəsində KİV nümayəndələri ilə hər zaman isti münasibət saxlayıb. O seçicilərə ən çox vaxt və diqqət ayıran deputatlardan biridir.

3. Qənirə Paşayeva 

Milli Məclisdə bəlkə də ən aktiv Komitə sədridir. Mədəniyyət Komitəsinin sədri kimi tək bu sahə ilə bağlı deyil, digər sahələrlə bağlı qanun layihələrinin müzakirəsində olduqca fəaldır. Xarakterinə uyğun olaraq o seçicilərinə və media mənsublarına qarşı da həssaslığını saxlayır.

4. Arzu Nağıyev

Arzu Nağıyev də media və seçiciləri ilə aktiv işləyən deputatlarımızdandır. Parlamentin işində səmərəli təkliflərlə çıxış edən millət vəkili mətbuata da hər zaman açıqdır. İstənilən jurnalist onunla asanlıqla ünsiyyət qurmaq imkanına sahibdir. Xatırladaq ki, Arzu Nağıyev bir müddət əvvəl ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirakına görə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

5. Fazil Mustafa 

BQP sədri də Razi Nurullayev kimi parlamentin plenar iclasında ən çox çıxış edən deputatlardan biridir. Parlamentdə olduğu qədər də ictimai həyatda çox fəaldır. O təkcə mətbuat işçiləri ilə daim ünsiyyətdə olmur, həm də davamlı olaraq jurnalistlərin maraqlı fikirlərini özünün sosial səhifəsində həvəslə paylaşır.

6. Qüdrət Həsənquliyev 

Qüdrət Həəsnquliyev partiya sədri və ictimai xadim kimi parlamentin bütün iclaslarında çox fəaldır. İctimai-siyasi həyatımızda aktiv olan deputat media nümayəndələri ilə ünsiyyətdən də heç zaman qaçmır.

7. Razi Nurullayev 

Demək olar ki, bütün plenar iclaslarda çıxış edir. O təkcə qanun layihələri ilə bağlı deyil, həm də cəmiyyəti narahat edən məsələləri gündəmə gətirmək üçün davamlı çıxışlar edir. Seçiciləri ilə daim təmasda olan millət vəkili media mənsubları üçün hər zaman əlçatan deputatlardan biridir.

8. Nigar Arpadarai 

Bir deputat kimi ölkəmizi AŞPA-da və digər Beynəlxalq təşkilatlarda uğurla təmsil edir. Azərbaycanla bağlı beynəlxlaq müstəvidə aparılan müzakirələrə o hər zaman həvəslə və aktiv şəkildə qoşulub.

9. Elman Nəsirov 

Qanunverici orqanın həm panel, həm də plenar iclaslarında fəallığı ilə seçilən azsaylı deputatlarımızdandır. Ölkəmizdə və Beynəlxalq aləmdə baş verən hadisələrə operativ reaksiya verən millət vəkili fikirlərini media işçiləri ilə həvəslə bölüşür.

10. Ceyhun Məmmədov 

Öz seçicilərinə həssaslıqla yanaşmaqla bərabər milli-mənəvi dəyərlərin qorunmasında və inkişaf etdirilməsində olduqca fəaldır. İstər parlamentdə, istərsə də ictimai həyatda mənəvi dəyərlərin müzakirəsinə həvəslə qoşulan millət vəkili media mənsubları üçün də ən uyğun müsahiblərdən biridir.