Deputat seçicilərlə görüşdü

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova 12 iyul 2021-ci il tarixində Qaleybuğurd kənd məktəbinin bağçasında Şamaxı rayonunun Sis, Qaleybuğurd, Qaladərəsi, Keçməddin kənd sakinləri ilə görüş keçirib.
Vətəndaşlar qarşılaşdıqları narahatlıqlardan ən vacibi olan zəlzələdən ziyan çəkmiş evlərin təmir və bərpası problemini müvafiq qurumlar qarşısında qaldırılması ilə bağlı xahişlər ediblər. Millət vəkili Tamam Cəfərova Şamaxı rayonu üçün bir nömrəli problem olan zəlzələdən ziyan çəkmiş evlərin təmir və bərpası məsələsini artıq dəfələrlə hökumət qarşısında, Baş nazir və müvafiq dövlət qurumları qarşısında qaldırdığını, Milli Məclisdə bununla bağlı dəfələrlə çıxışlarını təqdim etdiyini seçicilərin diqqətinə çatdırıb, bu məsələni yenidən gündəmdə saxlayacağını və qanuna müvafiq formada bu prosesin həll olunması ilə bağlı əlindən gələn bütün müvafiq işləri həyata keçirəcəyini bir daha vurğulayıb. Vətəndaşlat tərəfindən yol infrastrukturu, körpü tikintisi, işıq dirəklərinin dəyişdirilməsi, telekommunikasiya problemi, işsizlik, əlilliyin təyini, sosial müavinət kimi məsələlər qaldırılıb.
Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Tamam Cəfərova tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.
Görüş zamanı 44 günlük Vətən Savaşında yaralanmış qazilər öz problemləri ilə bağlı millət vəkilinə müraciət ediblər. Tamam Cəfərova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirmiş olduğu çoxtərəfli tədbirlər çərçivəsində şəhid və qazi ailələrində olan bütün problemlərin aradan qaldırılması üçün tədbirlər davam etməkdədir və bu istiqamətdə də millət vəkili əlindən gələn əlavə dəstəyi verəcək.
Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdan Nəhmətov da iştirak edib.