Milli Mətbuatımızın 147-ci İLİ

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 147 il ötür.

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir.

Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi.

Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

O vaxtdan ötən illər ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan dövləti bu sahənin inkişafına hər zaman böyük diqqət ayırır.

2020-ci il ölkəmiz üçün tarixi əhəmiyyətli il oldu. Bu il Qarabağda qələbəmizlə tarixə öz imzasını atdı. 44 günlük Vətən müharibəsindəki Qələbəyə kütləvi informasiya vasitələri öz töhfəsini verdilər. KİV nümayindələri təkcə arxa cəbhədə deyil,ön xətdə də şücaət  göstərdilər, qəhrəmancasına  döyüşdülər, Azərbaycan həqiqətlərini bir daha dünya arenasına çıxardılar.

Xatıırladaq ki, Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Xalq.Az