Milli psixi sağlamlıq və psixososial dəstək mövzusunda müzakirə aparılıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəlinin təşkilatçılığı ilə “Milli psixi sağlamlıq və psixososial dəstək (MHPSS) texniki qrupu”nun onlayn təqdimat mərasimi keçirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə millət vəkili, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı, Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema, MHPSS üzrə məsləhətçi Murat Can Birand Apaydın, TƏBİB-in MHPSS koordinatoru Nərmin Osmanlı, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Miqrasiya Təşkilatı, SOS Uşaq Kəndləri, UNICEF və digər beynəlxalq təşkilatların yerli və mərkəzi ofis nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən iştirakçılar Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının cəmiyyətə psixoloji təsirindən bəhs ediblər.

TƏBİB-in MHPSS koordinatoru Nərmin Osmanlı COVID-19-la mübarizə tədbirləri, eyni zamanda Vətən müharibəsi zamanı TƏBİB tərəfindən göstərilmiş psixososial dəstək və kadr potensialının gücləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.

Daha sonra edilən çıxışlar zamanı “Milli psixi sağlamlıq və psixososial dəstək (MHPSS) texniki qrupu”nun psixi sağlamlıq sahəsində ehtiyacların qarşılanmasına, həmçinin yerli və beynəlxalq əməkdaşlığa əhəmiyyətli töhfələr verəcəyi bildirilib.