Müəllim əməyi yüksək qiymətləndirilir

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən “28 May” Mədəniyyət Evində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak edib.

XALQ.AZ xəbər verir ki, tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov Qubadlı təhsilinin inkişafından danışıb, rayonun orta məktəblərinin maddı-texniki bazasının ildən-ilə gücləndirildiyini və bunun məntiqi nəticəsi kimi təhsildə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, bütün müəllimlərə nailiyyətlər diləyərək, təhsil işçilərinə Azərbaycanın gələcəyi üçün əsl vətənpərvər vətəndaşlar yetişdirməyi arzulayıb.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov müəllimləri bayram günü münasibəti ilə təbrik edərək, bu günün bütün dünyada olduğu kimi, ölkəmizin də çoxminli müəllim ailəsi üçün əziz bayram olduğunu vurğulayıb. “Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılıdır”, – deyən M.İsaqov hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllimin ən yaxşı köməkçi olduğunu bildirib. İcra hakimiyyətinin başçısı qeyd edib ki, ulu öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək söyləyirdi: “Müəllimlik peşəsi hər zaman ən yüksək zirvədə olan peşədir”. Bu gün də Prezident İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.

Malik İsaqov təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Prezidentin sərəncamlarının, habelə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasının və Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb proqramı”nın və digər bu kimi tədbirlərin dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Qubadlı rayon məktəblərinin uğurlarından bəhs edən M.İsaqov vurğulayıb ki, rayon üzrə 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 18-i yeni tikilib, 14-ü əsaslı təmir olunub. Eyni zamanda, 2018/2019-cu tədris ilində Abşeron rayonu “St. Sumqayıt” ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta məktəbləri eləcə də şəhər 4 saylı tam orta məktəb müasir tələblərə cavab verən yeni binalarda fəaliyyətə başlayıb, 2019-2020-ci tədris ilində isə Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilib. Bu il rayonun Çaytumas kənd məktəb-liseyinin və Xocahan kənd tam orta məktəbinin qəbul imtahanlarında 100 faizlik nəticə göstərdiyini deyən natiq, Çaytumas məktəb–liseyi bitirən 34 məzunun hamısının, Xocahan tam orta məktəbində isə ali məktəblərə sənəd verən 16 məzunun hamısının tələbə adını qazandığını vurğulayıb. Ümumilikdə isə, cari ildə 442 məzundan 386 nəfəri (87,3%) ali məktəbə sənəd verib. Onlardan isə 297 nəfəri ali məktəblərə qəbul olub. Qəbul imtahanlarında iştirak edən 42 nəfər məzun 500-600 arası, 12 nəfər məzun isə 600-700 arası bal toplayıb. Bu il rayon üzrə qəbul faizi 77 faiz təşkil edir. M.İsaqov bütün bu nailiyyətləri Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsi kimi dəyərləndirib.

İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayon Çardaxlı kənd tam orta məktəbinin direktoru Çingiz Salmanova “Əməkdar müəllim” adı verilməsi münasibətilə onu təbrik edib, fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə fəxri fərman verib.

Tədbir Azərbaycanın tanınmış incəsənət ustalarının və rayonun özfəaliyyət kollektivlərinin hazırladığı konsert proqramı ilə davam edib.