“Müəllimlərin sayının çox olmasının bir səbəbi də, keçid ballarının aşağı olmasıdır” – Ekspert

“Əslində, müəllimlərin sayının çox olmasının bir səbəbi də, keçid ballarının aşağı olmasıdır. Düzdür, əvvəlki illərlə müqayisədə son illər təhsil strategiyasından sonra müəllimlərə daha çox önəm verilməyə başladı, amma hələ də yüksək balların olmaması bu peşəni daha da əlçatan edib. Hətta, əvvəllər belə bir düşüncə formalaşmışdı ki, “heç bir yerə qəbul ola bilməsən gedib müəllim olarsan”. İndi yavaş- yavaş o psixologiya aradan qaldırılır. Son vaxtlar diaqnostik, sertifikatlaşdırma imtahanlarının olması, müəllimlərin əmək haqqının artırılması, müəllimlərə dəyər verilməsinin artırılması bir növ stimul yaradır”.

Bu fikirləri  təhsil eksperti Səfa Xəlilov deyib.

Ekspert əlavə edib:

“Amma, say etibarilə müəllim sayının normadan artıq olmasının səbəbi universitetlərin plan yerlərinin dolması və keçid ballarının aşağı olmasıdır. Gələcəkdə bununla bağlı yəqin ki, bir tədbir görüləcək. Diaqnostik imtahanından sonra müəllimlərin əmək haqlarının 50 faiz artırılması, sertifikatlaşdırma imtahanında da 30 balı keçənlərə (qeyd edim ki, 30 balı keçən müəllimlər ümumi sertifikatlaşdırmanı keçmiş hesab olunur) 10 faiz, 51 baldan yuxarı olanlara isə, 35 faiz əlavə əməkhaqqı verilir. Ümumilikdə, son illər müəllim nüfuzunun artırılması yönümündə işlər görülür, bu da həmin ixtisaslara üstünlük verilməsində önəm daşıyır və gələcəkdə bu ixtisas üzrə keçid ballarının yüksək olması bu peşəni o qədər də əlçatan etməyəcək. Təhsil naziri də öz çıxışında bildirdi ki, indiki şagirdlərin savadlı olması üçün, ilk öncə müəllimlər, potensial kadr ehtiyatı olmalıdır. Müəllim nə qədər savadlı olarsa, yetişdirdiyi şagirdlər də bir o qədər bilikli olar. Doğrudur, diaqnostik imtahan 2014 – cü ildən  keçirilməyə başladı və 2017- cı ilə qədər davam etdi və 2014- cü ildən müəllim ixtisasını seçənlərə əlavə 100 manat məbləğində təqaüd də verilirdi. Bu bir növ müəllim ixtisasına marağı artırdı. Düşünürəm ki, keçid balının yüksək olması say yerinin çox olmasına baxmayaraq müəllim peşəsi hər kəs üçün əlçatan olmayacaq. Özümüz də bilirik ki, indi ticarətçiyə də müəllim deyilir, ortada belə bir mənzərə yaranır ki, müəllimə əvvəlki qədər dəyər verilmir. 2013- cü il 24 oktyabr təhsil strategiyasından sonra müəllim səriştəsinin artırılması üçün ciddi addımlar atılır. Düşünürəm ki, yüksək keçid  ballarının olması bu ixtisasın hər kəs üçün əlçatan olmaması, savadlı  müəllim kadrlarının yetişməsi ilə təhsil sahəsində müsbət bir addım olacaq”.