Müasir Azərbaycan kəndi – Gülşənabad

Kompleks quruculuq işləri kəndin yeni inkişaf tarixinin əsasını qoyub

Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, Yeni Əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə deyirdi: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək”.

Ulu Öndərimizin ideyalarının reallaşması müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının müasir inkişaf modelini yaradıb. Güclü iqtisadiyyata və sosial rifaha hesablanmış islahatlar quruculuq işlərinin miqyasını xeyli genişləndirib. Bunun ən bariz nümunəsi isə hər il abadlaşan, bütün sahələrdə rahat infrastruktur təminatı yaradılan kəndlərin sayının artmasıdır. Babək rayonunun Gülşənabad kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yolun istifadəyə verilməsi də bir kəndin timsalında ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.Gülşənabadda yeni məktəb binasıistifadəyə verilib

Oktyabrın 28-də Gülşənabad kənd ümumi orta məktəbin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 144 şagird yerlik üçmərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla, 15 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana və idman zalı vardır. Kompüter otağında internetə çıxışı olan 13 kompüter quraşdırılıb. Kitabxanada 667-si dərslik və 1168-i bədii ədəbiyyat olmaqla, 1835 kitab, eləcə də “Oxunması zəruri olan kitablar”dan ibarət guşə vardır. İdman zalında şagirdlərin fiziki hazırlığı üçün lazımi şərait yaradılıb.

Bildirilib ki, bu tədris ilində məktəbin birinci sinfinə 11 şagird qəbul olub.

Məktəbdə yeni işlə təmin olunan gənc müəllimlərdən Vəfa Sadiqova, Lalə Zeynalova və Tərlanbəyim Məmmədova yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Məktəb muxtar respublikanın muzey şəbəkəsinə qoşulub və Cəlil Məmmədquluzadənin Ev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənilib.

Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb.

Məktəbin direktoru Vüsal Tağıyev çıxış edərək deyib ki, muxtar respublikanın bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davamı kimi, Gülşənabad kəndində yeni məktəb binası tikilib. Cari tədris ilinə qədər ibtidai məktəb kimi fəaliyyət göstərən təhsil ocağı Ali Məclis Sədrinin tapşırığı ilə ümumi orta məktəbə çevrilib. Bu isə məktəbimizin həm müəllim, həm də şagird sayının artmasına səbəb olub. Məktəbin müasir maddi-texniki bazaya malik olduğunu bildirən Vüsal Tağıyev kollektiv adından minnətdarlıq edib.

Müəllim Fatma Kərimova deyib: “Bu gün ucqar dağ kəndlərinin infrastruktur təminatı baxımından şəhər və rayon mərkəzlərindən geridə qalmaması hər bir yaşayış məntəqəsinin inkişafına və insan amilinə verilən dəyərin ifadəsidir. Gülşənabad məktəbində yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, müəllimləri də daha yaxşı işləməyə ruhlandırır. Muxtar respublikada müəllim əməyinə yüksək qiymət verilir. Müəllimlərin işə qəbulu üzrə keçirilən sonuncu müsabiqədə yüksək nəticə göstərənlərdən 9-u bu məktəbə təyinat alıb. Yaradılan şəraitə görə məktəbin kollektivi adından minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da bilikli və vətənpərvər gənclərin yetişdirilməsində səylərimizi əsirgəməyəcəyik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Gülşənabad kəndinin həyatında əlamətdar gündür. Aparılan geniş quruculuq işlərindən sonra Gülşənabad müasir yaşayış məntəqəsinə çevrilib. Görülən işlər içərisində ən vacibi Gülşənabad kənd ümumi orta məktəbinin istifadəyə verilməsidir. Bugünədək kənddə ibtidai məktəb fəaliyyət göstərirdi və lazımi tədris şəraiti olmayan binada yerləşirdi. İbtidai məktəbi bitirən şagirdlər qonşu kənddəki məktəbdə təhsillərini davam etdirirdilər. Bütün bunlar isə tədrisin keyfiyyətinə öz təsirini göstərir, müəyyən çətinliklər yaradırdı. Lakin bu gün ən müasir tədris avadanlıqları ilə təmin olunmuş məktəb istifadəyə verilir. Bu da şagirdlərin rahat və hərtərəfli təhsil almasına imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, ən ucqar kəndlərdə də müasir məktəblər istifadəyə verilir, gənclərin təhsili üçün hərtərəfli şərait yaradılır. Eyni zamanda kəndlərimiz abadlaşır, insanların rahat yaşayışı təmin edilir. Bütün bunlar isə ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi və dahi şəxsiyyətin ideyalarına sədaqətin nəticəsidir. Təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər, məktəblərin istifadəyə verilməsi ölkəmizin gələcəyinə xidmət edir. Bu gələcəyi təmin etmək üçünsə, yalnız şəhər məktəblərində deyil, ümumilikdə, ölkənin bütün məktəblərində eyni tədris şəraiti yaradılmalıdır. Bu gün Gülşənabad kənd məktəbi də müasir tədrisin tələbləri səviyyəsindədir. 144 yerlik məktəbdə internetə qoşulmuş kompüter sinfi, elektron lövhələr, laboratoriyalar, kitabxana, idman zalı və digər tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Eyni zamanda məktəbdə bütün fənlər üzrə müəllimlərin olması şagirdlərin hərtərəfli hazırlanmasına imkan verəcəkdir. Gülşənabad kənd ümumi orta məktəbinin gələcəkdə tam orta məktəbə çevrilməsi də kollektivin fəaliyyətindən asılıdır.

Ali Məclisin Sədri məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib və əminliyini bildirib ki, Gülşənabad kənd ümumi orta məktəbi muxtar respublikanın qabaqcıl məktəbləri sırasında öz yerini tutacaqdır.

Kənd mərkəzi fəaliyyətə başlayıb

Oktyabrın 28-də Gülşənabad Kənd Mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

2 mərtəbəli binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 4174 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və zal yerləşir. Bildirilib ki, ərazi ilk təşkilatının 147 üzvü vardır ki, onların da 45-i gənc, 60-ı isə qadındır.

Kitabxanaçı Sevinc Məmmədova kitabxananın əvvəllər lazımi şəraiti olmayan binada yerləşdiyini diqqətə çatdırıb, yeni kitabxanada oxuculara hərtərəfli xidmət göstərəcəklərini bildirib.

Kənddə baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri və tədbirləri aparılır. Rabitə evində poçt bölməsi yaradılıb, göstərilən xidmətlərin səviyyəsi yüksəldilib. Burada yeni nəsil texnologiyalara əsaslanan 192 nömrə tutumlu ATS quraşdırılıb, sürətli internetə çıxış imkanı yaradılıb.

Feldşer-mama məntəqəsi 3 otaqdan ibarətdir. Məntəqədə tibbi xidmətin təşkili, eləcə də ginekoloji müayinələrin aparılması üçün şərait yaradılıb, təcili yardım və peyvənd çantaları, qlükometr, soyuducu və digər tibbi ləvazimatlar qoyulub.

Ali Məclis Sədrinə minnətdarlıq edən məntəqə müdiri Abuzər Hüseynov və mama Aysel Seyidova tibbi xidmətin təşkili üçün yaradılan şəraitin daha səmərəli fəaliyyət göstərməyə imkan verəcəyini bildiriblər.

Ali Məclisin Sədri əhalinin sağlamlığına diqqətin artırılması ilə bağlı tapşırıqlar verib.

Gülşənabad kənd avtomobil yolu yenidən qurulub

Kəndlərin inkişafının əsas cəhətlərindən biri də müasir yol infrastrukturudur. Hər il muxtar respublikanın kəndlərində digər sosial obyektlərlə yanaşı, rahat və abad yollar da istifadəyə verilir.

Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülşənabad kənd avtomobil yolunun açılışını edib.

Bildirilib ki, 2,8 kilometrlik kənd yoluna asfalt örtük salınıb, 1 kilometrə yaxın yolda təmir işləri aparılıb. Yolun tikintisi zamanı 980 metr beton su kanalı çəkilib, körpü əsaslı təmir edilib, 65 su keçidi qoyulub, 1 kilometr məsafədə sahilbərkitmə işləri aparılıb.

Xidmət mərkəzinin açılışı olub

Həmin gün Gülşənabadda xidmət mərkəzi də fəaliyyətə başlayıb. 

Açılışı bildirən lent kəsildikdən sonra məlumat verilib ki, 4 nəfərin işlə təmin olunduğu xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq malları mağazası və anbar fəaliyyət göstərir. Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir.

Sonra kənd sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri Gülşənabad kəndində aparılan quruculuq işləri və kəndin muxtar respublikanın abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Gülşənabad kəndinin tarixində heç vaxt bugünkü qədər abadlıq-quruculuq işləri aparılmamışdır. Kənddə əhalinin rahatlığına xidmət edəcək bütün tədbirlər görülmüş, məktəb, kənd və xidmət mərkəzləri tikilmiş, yol yenidən qurulmuş, qaz, elektrik və rabitə sistemləri yenilənmişdir. Artıq kənddəki dövlət qurumları müasir binalarda sakinlərə xidmət göstərəcəklər.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi hər bir yaşayış məntəqəsinin inkişafına və əhalinin rahat yaşayışına səbəb olmuşdur. Ötən əsrin 70-ci illərində Ümummilli Liderimiz ölkəmizdə yeni inkişaf strategiyasının əsasını qoymuş, inkişaf səviyyəsinə görə keçmiş Sovetlər Birliyində axırıncı yerlərdə olan Azərbaycan qısa müddətdə ittifaqın qabaqcıl respublikaları sırasına yüksəlmişdir. Həmin dövrdə qazanılan uğurlar olmasaydı, Azərbaycanın müstəqillik illərində inkişafı da mümkün olmayacaqdı. Bu gün də Azərbaycanın inkişafı, mövcud sabitlik və yüksək rifah ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Gülşənabadda görülən işlər də insanların rahatlığı və kəndin gələcək inkişafı üçündür. Kənddə məskunlaşma və əhalinin sayı artır, təsərrüfatlar genişlənir. Sakinlər də qurulanları qorumalı, yaradılan şəraitdən səmərəli istifadə olunmalı, kənd daha da böyüməli, inkişaf etməlidir.

Sakin Məmməd Məmmədov kənd əhalisi adından minnətdarlıq edərək deyib: “Göstərilən böyük diqqət və qayğı sayəsində Gülşənabad kəndinin siması tamamilə dəyişilib. Kənddə geniş tikinti-quruculuq işləri aparılıb, məktəb, kənd və xidmət mərkəzi tikilib. Bundan əlavə yollarımız yenidən qurulub, asfalt salınıb, elektrik, qaz, rabitə, su sistemi tamamilə yenilənib. Bir sözlə kənd yeni inkişaf tarixini yaşayır. Yenilik, müasirlik rahat yaşayışımız üçündür. Yaradılanları qorumaq, onlardan səmərəli istifadə edərək ölkəmizin inkişafına töhfə vermək qarşımızda duran əsas vəzifədir”.

****

Gülşənabad kəndində quruculuq işləri ilə yanaşı, rabitə, elektrik, qaz və su sistemləri də yenilənib. Belə ki, kənddə 2004 metr fiberoptik və 3 kilometr rabitə, 8 kilometrə yaxın elektrik xətti çəkilib, 3426 metr qaz xəttində təmir-bərpa işləri aparılıb. Kəndə 1900 metr uzunluğunda yeni içməli su xətti də çəkilib, evlərin su təminatı yaxşılaşdırılıb.

Orxan