Musa Urud: “Səfirliyimizə qarşı terror aktını qətiyyətlə pisləyirəm”

Livandakı səfirliyimizə ermənilər tərəfindən hücum edilməsini, səfirliyin inzibati binasına xəsarət yetirilməsini, binaya çirkləndirici və partlayıcı maddələr atılmasını  terror və vandalizm aktı kimi qiymətləndirir və qətiyyətlə pisləyirəm.

Bunu Milli Məclisin deputatı Musa Urud bildirib.

Deputat qeyd edib ki,  Livan hökuməti bu vandalizm aktını törədən cinayətkarları  qısa müddətdə aşkar edib,  onları ədalət mühakiməsinə təsdim edəcək. Əlbəttə, ermənilərin Livandakı səfirliyimizə qarşı törətdikləri bu vandalizm ilk hadisə deyil, təəssüf ki, ermənilər tərəfindən, o cümlədən İrandakı bəzi qüvvələr tərəfindən İngiltərədə, Fransada, Tehrandakı səfirliklərimizə, Təbrizdə konsulluğumuza da   zaman-zaman belə hücumlar olub və bunları qətiyyətlə pisləyirik.

Millət vəkili bildirib ki,  bu, dövlətlərimiz arasındakı münasibətlərin soyumasına və aşağı səviyyəyə enməsinə səbəb ola bilər. Əlbəttə, həm İran, həm Ermənistan dövləti bu məsələləri ciddi şəkildə analiz etməli və düşünməlidirlər ki, belə hərəkətlər heç vaxt cavabsız qalmayacaq. Bizə yaxın olan ölkələrdə də belə hadisələrin baş verməməsi üçün həmin ölkələrin də hüquq-mühafizə orqanları çevik, ayıq olmalıdı  və Azərbaycan ərazisinin mühafizəsi öhdəliklərini yerinə yetirməlidirlər. Bu mənada biz – Azərbaycan ictimaiyyəti olaraq Livandakı hadisəni pisləyir və bunu erməni vandalizminin, erməni terrorizminin növbəti çirkin aksiyası kimi dəyərləndiririk. Onlar birdəfəlik bunu dərk etməlidirlər ki, belə hərəkətlərlə Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin iradəsinə təsir etmək olmaz, Azərbaycan hüquqi dövlət və beynəlxalq normalar çərçivəsində bütün münasibətləri qurur və buna əməl edir.  Ölkəmizə yönəlik hər hansı bir vandalizm, terror aktları,   çirkin hərəkətlər dünya ictimaiyyəti tərəfindən qınanılmalı və səfirliyimizin bütün dünyada mühafizəsinin gücləndirilməsi istiqamətində lazımi addımlar atılmalıdır deyə deputat qeyd edib.