Müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf edir

Prezident İlham Əliyev cari ilin 8 oktyabr tarixində Tbilisiyə rəsmi səfər zamanı mətbuata bəyanatla çıxış edib.

Bildirib ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır. Bu ölkələrimizlə yanaşı, həm də bütün bölgə üçün çox vacibdir.

Prezident çıxışında Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluq münasibətlərinə də toxunub. Hər iki lider sovet dövründə bir-biri ilə sıx təmasda olublar və o vaxt xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişlər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.

Cənab İlham Əliyev bəyanatda Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatdığını vurğulayıb. Bildirib ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstək nümayiş etdirib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir.

Prezident bildirib ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olunsa, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi.

Cənab İ.Əliyev iki ölkə arasında həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planlarından bəhs edib. Energetika sahəsində ənənəvi sahələrdən başqa bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.

Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar.

Məmmədova Şəfəq

Nəsimi rayonu 1 nömrəli tam orta məktəb müəllimi