Müzəffər Prezident və onun siyasət doktrinası.

 

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir.
Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir.
Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıbdır. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır. Artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi çox böyük layihələrdir. Xüsusilə 2019-cu ildə Azərbaycanın qlobal nəqliyyat qovşağı kimi statusu daha da möhkəmlənmişdir. Çindən gələn ilk qatar Bakı-Tbilisi-Qars dəmir yolundan keçərək Avropaya çatmışdır. Milli iqtisadiyyata təkan verəcək, daşınma xərclərini azaldacaq dəmir yolu sistemi müasirləşdirilib və bu proses davam etməkdədir.
Prezident İlham Əliyevin müəyyən etdiyi dinamik xarici siyasət kursunun tələblərinə uyğun olaraq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində sanballı addımlar atılmışdır. Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçidini təmin edəcək genişmiqyaslı ”Strateji tərəfdaşlıq” sazişinin hazırlanması prosesində Azərbaycan öz milli maraqlarından çıxış edir və danışıqlar prosesi sonuncu mərhələdədir.
Böyük fəxr hissi ilə onu da vurğulayaq ki. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir.
Bütün bu nailiyyətlərimizin əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır.
Əminik ki, Ulu Öndərimizin ruhu şaddır və Azərbaycan var olduqca Ümummilli Lider Heydər Əliyev də var olacaq.
Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü,  professor, filologiya elmləri doktoru
İmamverdi Həmidov