“Nə hesabatbazlıqdır?!” – Seyran Səxavət

Əməkdar jurnalist Azər Həsrət sosial şəbəkə hesabında qələm əhli ilə bağlı təklif irəli sürüb. O yazıb ki, 44 günlük Vətən Müharibəsindən sonra xalq yazıçısı və şairlərindən bu mövzuda ərsəyə gətirdiklərinin hesabatı istənsin:

“Belə bir təklif vermək istərdim: Xalq yazıçısı və ya Xalq şairi adı daşıyan bütün qələm adamlarından 44 günlük Vətən Müharibəsindən sonra bu mövzuda yazdıqlarının hesabatını istəyək. Yəni ictimailəşdirsinlər ki, nə iş görüblər. O cümlədən də Əməkdar jurnalist adı daşıyanlardan bunu tələb edək. Nə deyirsiniz? Elə məndən də başlamaq olar…”.

Onun bu fikirləri bir çoxu tərəfindən müsbət qarşılanıb və dəstəklənib.

Lakin yazıçı, şair Seyran Səxavət tanınmış jurnalistin təklifini birmənalı qarşılamayıb.

O bu barədə deyib:

“Azər Həsrətlə salam-kəlamımız var. Həm də eşitdim ki, kəndlərində kitab çatışmır. Təxminən 600 dənə kitab göndərmişəm doğulduğu Xaçmaz rayonunun Dədəli kəndinin kitabxanasına. Bu münasibətlər öz yerində. Amma Azər Həsrətdən heç vaxt belə bir şey gözləməzdim. Jurnalistlər haqqında özü bilər… Lakin yazıçıdan, şairdən hesabat istəmək?! Bu, mühasibatlıq, “buxalteriya” deyil.

Deyəcək sözüm yoxdur, ruslar demiş – “slov net”… Nə hesabatbazlıqdır?! Zavoddur ya fabrik?! Azər Həsrətin xətrini istədiyimə görə deyirəm ki, durduğu yeri dəyişsin. Yaradıcı adamlara – yazıçılara, şairlərə, rəssamlara, bəstəkarlara başqa mövqedən yanaşsın. Mövqeyi son dərəcə yanlışdır”.