“Nə üçün Azərbaycanda Aİ-95 istehsal edilmir?

Milli Məclisin deputatı Naqif Həmzəyev Aİ-95 markalı benzinin qiymətinin qalxmasından danışıb.

Deputat açıqlamasında qeyd edib ki, qiymət artımı sürücülər üçün heç də yaxşı xəbər olmadı:

“Bu məsələ sürücülərimizi, vətəndaşlarımızı istər-istəməz narahat edir. Həm də sual doğuran məqam odur ki, bu növ benzin nə üçün bu günə qədər Azərbaycanda istehsal edilmir? Axı biz neft ölkəsiyik, xaricə neft ixrac edirik. Bizim bu benzin növünü istehsal etmək üçün kifayət qədər imkanımız var. Əgər istehsal etsəydik, qiymət artımı olmazdı və sürücülər bu qədər böyük xərcə düşməzdi. 

Qeyd edim ki, hər dəfə benzinin qiyməti qalxdıqdan sonra bir sıra məhsullarda, xüsusilə ərzaq məhsullarında süni qiymət artımının şahidi oluruq. Biz istəməzdik ki, belə bir hal olsun. Düşünürəm ki, aidiyyatı qurumlar çalışmalıdır ki, digər məhsullarda süni qiymət artımının qarşısı alınsın və əhalimiz çətin vəziyyətə düşməsin”.

Bu gündən Azərbaycanda Aİ-95 premium markalı benzinin qiyməti 1.40 AZN olub. Qiymət artımına qədər Aİ-95 benzini 1.25 AZN idi.