Nəbatat bağında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırmada qanunsuzluq aşkar edilərək Səbail rayon Polis idarəsinə müraciət olunub.
Bu barədə Aktual.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.
Nazirlik rəsmisi Nabatat bağında 40-a yaxın ağacın kəsildiyini bildirərək, ərazidə baş vermiş qanunsuzluğu belə izah edib:
“Nəbatat bağında ağacların kəsilməsi “Torpaq sahələri ayrılmasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılması haqqında” Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli o cümlədən “Meşə fonduna aid olmayan ağac və kol bitkilərinin mühafizəsi, istifadəsi və qorunması haqqında” 19 sentyabr 2005-ci il tarixli qərarlarına tamamilə ziddir”.
Xatırladaq ki, prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağacların qanunsuz olaraq kəsilməsinə sərt təpki verib. Dövlət başçısı bunun vicdansızlıq, biabırçılıq və cinayət olduğunu bildirib.