Nəsib Məhəməliyev: “Bu faktı gizlətmək qeyri-mümkündür”

“Fransa prezidenti Makronun səfirlər konfransında çıxışı zamanı Azərbaycanı humanitar dəhlizi bağlamaqda günahlandırması, reallıqdan uzaqdır. Daha doğrusu cəfəngiyatdır və Makronun statusuna görə, dövlət adamına yaraşmayan cılız şəxs olduğunun göstəricisidir”.

Bunu  deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Laçın yolu açıqdır və hər gün sərhəd-nəzarət-buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri və Qarabağda yaşayan ermənilər hər iki istiqamətdə hərəkət edirlər:

“İndiki zamanda hər kəsin əlində mobil telefonlar var və bu faktı gizlətmək qeyri-mümkündür. Az.Tv də hər gün, həmin bölgədən canlı yayım vasitəsilə reportajlar verir. Yüklərin daşınması üçünsə, alternativ Ağdam-Xankəndi marşrutu təklif olunur.

Fransa 30 illik işğal dövründə bir milyon azərbaycanlı məcburi köçkünlərin çadırlarda, dəmir yolu vaqonlarında, dəhşətli şəraitdə yaşamasını bir dəfə də olsun humanitar fəlakət adlandırmadı, işğalı pisləmədi. Fransanın, şəxsən Makronun bölgəyə yönəlik siyasəti riyakarlıqdan, qərəzdən ibarətdir. İkili standartlara söykənir.

Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Makronun canfəşanlığı üzdə göründüyü kimi deyil. Erməni sevdasından daha çox, onun “türkəfobiya” , “islamofobiya” xislətindən irəli gəlir. Taleyin ironiyası ilə, adi bank işçisi vəzifəsindən prezidentlik kürsüsünə oturduğu andan bəri, bu şəxsin apardığı həm daxili, həm də xarici siyasət bərbaddır. Ölkədə etiraz dalğaları səngimir. Keçmiş müstəmləkələri olan Afrika ölkələrində nüfuzdan düşən Fransa, Türkiyə ilə rəqabətdə uduzur”.

Deputat vurğulayıb ki, 44 günlük müharibədə aldığı məğlubiyyətdən sonra, Ermənistan taleyi ilə barışmışdı:

“İlk növbədə, Fransanın və İranın təhriki və dəstəyi ilə Ermənistan cığallığa başladı. Əsassız iddialar irəli sürdü. Bu gün də Fransanın təxribatları davam edir. Bu yaxınlarda BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrə, fiaskoya baxmayaraq, yenidən Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsinə cəhd edən Fransaya bögədə sülhün yaranması sərf etmir.

Ermənistan, erməni xalqı 1-ci dünya müharibəsindən sonra baş verən hadisələrdən düzgün nəticə çıxarmalıdır. O zaman da, ermənilərdən öz geosiyasi məqsədləri üçün istifadə etdikdən sonra lazımsız əşya kimi atan məhz, Fransa idi. Ermənilər birdəfəlik başa düşməlidirlər ki, Makronun başlatdığı oyunlar, hər şeydən əvvəl onların özləri üçün təhlükəlidir və regionu yeni risklərə, müharibəyə sürükləyir. Azərbaycan artıq 90-cı illərin ölkəsi deyil. Müstəqil siyasət aparan və ən yüksək səviyyədə milli maraqlarını müdafiə edə bilən dövlətdir. Makronun bütün cəhdləri iflasa məhkumdur”.