“Onlar bilməlidirlər ki, Azərbaycan dövlətinin səbrinin də bir həddi-hüdudu var” – Deputat

Millət vəkili: “Arutyunyan bilir ki, bir gün o da Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs ediləcək və öz layiqli cəzasını alacaq”.

“Onlar bilməlidirlər ki, Azərbaycan dövlətinin səbrinin də bir həddi-hüdudu var”.

Bu sözləri millət vəkili Elman Nəsirov Qarabağdakı erməni separatizminin lideri Arayik Arutyunyanın istefasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Qarabağdakı erməni separatizminin lideri Arayik Arutyunyan istefa verdiyini açıqlayıb və bu gün istefasını reallaşdıracağını bildirib. İstefa verməmişdən əvvəl Arutunyan Samvel Şahramanyanı terrorçu qruplaşmanın başına keçirib.

Bu dəyşikliyi necə şərh etmək olar və Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasına bu dəyişiklik necə təsir edəcək?

Qarabağda baş verənləri Poliqon-un əməkdaşı millət vəkili Elman Nəsirov ilə müzakirə edib.

Elman Nəsirov: “Azərbaycan dövləti, hüquq-mühafizə orqanları əli Azərbaycan xalqının qanına batmış bütün hərbi canilərin siyahısına malikdir”.

Seperatçılara Fransa tərəfindən himayədarlığın ən yüksək səviyyədə həyata keçirildiyini vurğulayan millət vəkili bildirib ki, buna görə də ermənilərdə onlara olan dəstəyə görə qeyri-qanuni fəaliyyətlərini bundan sonra da davam etdirə biləcəklərinə dair ümid yaranıb:

“Əvvəla onu qeyd edim ki, Araik Arutunyan istefa verməmişdən əvvəl, öz istefası ilə bağlı bəzi fikirlər səsləndirdi. Bu fikirlərdə o öz avtobioqrafiyasını qeyd etdi və keçmişindən danışdı. Arutunyan hesab edir ki, keçmişinə görə Azərbaycanın təzyiqi altındadır.

Əslində belə də olmalıdır. Azərbaycan dövləti, hüquq-mühafizə orqanları əli Azərbaycan xalqının qanına batmış bütün hərbi canilərin siyahısına malikdir. Xüsusilə də, Xocalı soyqırımında iştirak etmiş bütün hərbi canilərin tapılması və ədalətə məhkəməsi qarşına çıxarılması bizim strateji hədəfimizdir. Artıq bu istiqamətdə addımlar atılıb, həbslər də həyata keçirilib. Belə olan halda da, Arutunyanın fikirlərinin motivlərini başa düşmək olar. Artıq o da gərgindir və gərgin psixoloji vəziyyətin təsiri altında bunları qeyd edir. Arutyunyan bilir ki, bir gün o da Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs ediləcək və öz layiqli cəzasını alacaq.

Elman Nəsirov: “Əgər Qarabağdakı seperatçı rejim Arutunyan, onun tör-töküntüləri, silahdaşları Azərbaycana qarşı qanuna-zidd hərəkətlərini, seperatçı davranışlarını bundan sonra da davam edəcəkləri təqdirdə, hadisələr onlar üçün ən arzuolunmaz ssenari üzrə inkişaf edəcək”.

Eyni zamanda Arutyunyan Qarabağı tərk etməyəcəyini və müəyyən proseslərə təsir edəcəyini bildirdi. O terrorçulardan birinin də hakimiyyətdə təmsilçiliyinə nail olub. Hesab edirəm ki, onların revanşistliyi bir qədər arta bilər. Çünki bu gün onlara Fransa tərəfindən himayədarlıq ən yüksək səviyyədə həyata keçirilir. Buna görə də ermənilərdə müəyyən ümid də yaranır ki, onlara olan dəstəyə görə qeyri-qanuni fəaliyyətlərini bundan sonra da davam etdirə biləcəklər.

Ancaq ermənilər bir həqiqəti nə qədər tez dərk etsələr o qədər də onlar üçün faydalı olar. Onlar bilməlidirlər ki, Azərbaycan dövlətinin səbrinin də bir həddi-hüdudu var. Qarabağ, Şərqi Zəngəzur Azərbaycan ərazisidir və bütün dünya da bunu bu cür qəbul edir. Oradakı silahlı birləşmələr nə qədər tez tərki-silah edilsələr bir o qədər yaxşı olar. Artıq bu prosesin müəyyən elementləri də diqqətdən yayınmır. Qarabağı tərk edənlərin sırasında hərbiçiləri də olduğu faktlar bəllidir.

Əgər Qarabağdakı seperatçı rejim Arutunyan, onun tör-töküntüləri, silahdaşları Azərbaycana qarşı qanuna-zidd hərəkətlərini, seperatçı davranışlarını bundan sonra da davam edəcəkləri təqdirdə, hadisələr onlar üçün ən arzuolunmaz ssenari üzrə inkişaf edəcək. Azərbaycan dövləti də məhz beynəlxalq hüquqa söykənərək növbəti anti-terror əməliyyatı keçirmək hüququnu özündə qoruyub-saxlayır”.