Şəmşirov Nahid Rəşid oğlu (Nahid Şəmşir) 27 iyul 1980-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində doğulub. O, məşhur Aşıq Şəmşirin nəvəsidir. Üç ali təhsili var: Azərbaycan Dövlət Tibb, Dövlət İqtisadiyyat Universitetlərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Bədii yaradıcılıqla uşaq yaşlarından məşğul olur. Şeirləri müxtəlif vaxtlarda mərkəzi mətbuatda çap olunub, saytlarda, internet portallarında yayımlanıb.
Novella onun bu yaxınlarda işıq üzü görən “Dönüş” kitabındandır.
Nahid Şəmşir: “Vida” (novella)
Onun çox nadir təsadüf olunan ifadəli gözləri vardı, işvəli parıltısından xeyirxahlıq, müdriklik, gizlənmiş kədər oxunurdu. Sanki baxışları deyirdi:”Bu dünya o qədər də yaxşı deyil, əzizim. Ancaq biz birlikdə bacararıq!”
-Həyatda nə istəyirsən?- soruşdum.
-Sevgi, – dedi. O tutuldu, mızıldadı ki, düzü, mən bu məsələ üzərində heç düşünmürdüm. Onda mən onu xilas etdim ki, özüm bu sual barədə əvvəllər çox fikirləşmişdim.
-Həyatımda hər şey yalnız məndən asılıdır, ona görə nəyisə istəmək yox, etmək lazımdır. İstədiyimi də edirəm. Amma sevgi… mənim ixtiyarımda deyil. Bu, həyatda, bəlkə də yeganə şeydir ki, gərək gözləyəsən,- o, göz qapaqlarını endirib fikrə getdi. Görünür ona vaxt lazımdı ki, mənim sözlərimi ikimizin də dilinə gətirsin. Ola bilsin, o, mənim anlamadığım şey barədə düşünürdü. Nəhayət, yavaş-yavaş başını qaldırıb mənə baxdı, sanki eyham vuraraq ki fikrim hədəfə çatıb və davam edə bilərəm. Ancaq mən heç nə əlavə etmədim.
Biz uzun müddət susduq, bir-birimizə baxdıq, bu zaman ürəyim qorxudan sıxılırdı. Lap tezliklə öz sevimli insanımı, o da məni itirəcək. Mən təsəvvürümə gətirirdim ki, həmin bu dəqiqələr necə xatirələrə çevriləcək, sonralar onlar necə ən soyuq gecələri qaranlıq otaqda mənim gizli ocağım, şamım olacaq. Bu an mən özümə sanki gələcəkdən baxdım, yaşadıqlarımın təntənəsi qəlbimdə alovlandı, mən zövq aldım ki, əlimizdən qaçan zərif an çox gözəldir.
Mən onun əlini ovcuma aldım, istəyirdim bu toxunmanın sevincini duyum. Onun dərisinin xətlərinə, şırımlarına diqqət etdim, barmaqlarımı biləyi üzrə gəzdirdim. Mən hiss edirdim ki, o, gözünü məndən çəkmir.
-Dənizə getmək istəmirsən?
-Gedək,-razılaşıram.
-Onda sən qabaqda get, mən arxanca gəlirəm.
-Yaxşı.
Mən ayağa qalxdım, iti addımlarla qapıya sarı yönəldim. Arzuolunmaz gözdən qaçaraq, ağ güllü kolların, sitrus bitkilərinin yanından keçib addımlarımı yavaşıdıb dənizə sarı getdim. Arxaya çönəndə, onu görmədim. Ağacların boyunca yavaş-yavaş gəzərək, bir çiçək dərdim, onu burnuma tutub qoxuladım- şirin iyli idi. Yarpaqları tünd göy olan sərt budaqlar küləkdən asta-asta səs-küy salırdı. Haradasa, lap dərinlikdə gözəgörünməz quş oxuyurdu
-Bağışla, səni yenə gözləməyə məcbur etdim.
O, qaçışını yavaşıtdı və mənimlə üzbəüz dayandı. Cavab əvəzinə əlimdəkini ona uzatdım.
-Bu nədir?- o, gülümsündü və nazik göy qabığı dişlədi.
-Bilmirəm. Yabanı çiçəkdi.
O, başını buladı:
-Bu, naringidi.
Biz dənizə tərəf addımladıq.
Sahilə çatanda, gördük ki, dənizdə güclü fırtına var.
-Qəribədir, – o, fikirli halda dedi. Başa düşürdüm ki, fırtına həmişə rast gəlinən deyildi. Çox gözəldi!
-Fırtına əla oldu, – dedim.
-Hə, elədi. Qalırsan burda?- mən ondan ciddi soruşurdum, – burada yaşa, hə?
O, təəccübdən donub qalmışdı. Biz dayandıq. O, mənə diqqətlə baxmağa davam etdi, sanki, fikirlərimi oxumaq istəyirdi.
-Qəddar zarafatdı, – mən onun sözünü kəsdim.
O, gözlərini qıyıb başını yellədi. “Qəddarlıq” sözünü digər dillərdə bilmirdi. O, məni başa salmağa çalışdı ki, nəyi nəzərdə tutduğumu anlayır.
-Bağışla, -dedim.
-Hər şey qaydasındadır.
O, üzünü çevirdi.
Biz bir az da irəli gedib, çimərliyə çatdıq. Hər itən saniyə ürəyimi ağrıdırdı, ayrılığın labüd gələcəyi qurğuşunla dolurdu. Ona baxmağa gücüm çatmırdı, dənizə boylanırdım. Dənizsə sahillərindən aşıb-daşırdı.
O, özü əlimdən tutub, barmağımdakı üzüyə baxdı.
-Maraqlır,- deyib baş barmağı ilə onu fırlatdı. Mən əlimdəki çatı göstərib danışdım ki, bu üzük turniketdə necə əlimi xilas edib.
-Bu isə, – mən adsız barmağı göstərdim, – kişilərin və qadınların simvoludur.- O, başını buladı, onda mən izah etdim:
-Liliya və qılıncı.
O, başa düşdü və xırda daşlarla inkrustasiya edilmiş çiçəyin hörgüsünə, ucunun iti qılınc kimi olmasına baxmağa başladı.
O, əllərimi əlində tutmuşdu, mənə getdikcə nəfəs almaq ağırlaşırdı, sanki sinəmdə hava üçün yer qalmamışdı. O, yenidən çimərliyə, dənizə nəzər saldı ki, onları yaddaşına dəqiq köçürsün, yuxusunda bir daha buraya qayıda bilsin. Dənizsə dincəlmirdi.
-Gedək, çimək?-mən təklif etdim.
-Gedək,-dedi, günəş eynəyini və pareonu sahilə qoyub suya girdi.
Dəniz ayaqlarımızın altında ağ köpüklə yanırdı. “Əlvida, dəniz!”, yəqin bu an düşünürdü.
Mən onun əlindən tutdum, biz suya baş vurduq. Həmin an böyük bir dalğa bizi yaxaladı və yıxdı. Mən onu itirməmək üçün, var gücümlə əlini sıxdım. Sudan çıxdım, nəfəs dərdim, sevincdən güldüm, gördüm ki, o da gülür. Onun islanmış saçları üzünü örtmüşdü.
-Ehtiyatlı ol, – sevincək qışqırdı və növbəti coşan ağ köpük seli üstümüzə cumanda onun ikinci əlini tuta bildim. O, tab gətirə bildi, məni də saxladı.
-Sən yaxşı üzürsən?-soruşdu.
-Əla üzürəm,- mən başımı tərpətdim.
Növbəti böyük dalğa yaxınlaşırdı, mən onun belindən qucaqlayıb, oyuncaq kimi dəli olan dənizin qarşısına tutdum. Ağ dalğaların ani hücumu arasında mən onun sinəsindən aşağı qucaqlayıb başımın üstünə qaldırdım. Sevincdən boğula-boğula, o əllərini qanad kimi yana açdı, mənə aşağıdan baxa-baxa, gülərək nəfəsini dərdi:
-Gözəldi!
Həmin an o, doğrudan da, özünü quştək hiss edirdi. Sim kimi uzanmışdı, mən onu coşan dənizin üzərində qaldırdım, sonra qanadlarını düzəldərək, coşqun səs çıxartdı. Onun qarşısında üfüq açılmışdı və yaxınlaşan ağ köpüklü dalğa dağına baxanda səndələdim, biz ikimiz də suya düşdük. Sudan çıxarkən, o, deyəsən qorxudan və heyranlıqdan hələ də qışqırırdı, onda onu yenidən əlimə alıb daha amansız dalğalardan qorumağı düşündüm. O, boynumu qucaqladı və bütün bədəni ilə mənə sıxıldı. Cəmi bir anlıq bizim dodaqlarımız bir-birinə toxundular, növbəti dalğa arxadan mənə elə şığıdı, az qaldı yıxılam. O, yenə var gücü ilə boynumu qucaqladı, mən dənizlə hələ savaşırdım, ancaq su geri çəkiləndə, onu öpə bildim.
Dərhal misli görünməmiş yeni güclü dalğa bizi ağuşuna aldı, yerə yıxıb suyun altında qoydu. Səma və dənizin dibi anlayışını itirdik, hər şey vahid qaynayan axına qarışdı, hər ikimizi bilmədiyimiz istiqamətə sürüklədi. Qucaqlaşmadan ayrılmayaraq, hətta biz istəmirdik bilək, səth hardadır, dəniz hardadır ki, üzək, sadəcə imkan verirdik ki, dəniz bizi udsun, əbədi özündə saxlasın. Amma dəniz bizə belə mərhəmət göstərmədi. O, bizi səthinə çıxartdı, biz nəfəs aldıq, hələ də bir-birimizdən ayrılmamışdıq. Biz öpüşürdük, sanki bütöv bir can olmuşduq, sanki ətrafımızda heç nə yox idi. Dalğalar yenə də bizə hücum çəkirdilər, əldən salırdılar, köpüklə örtürdülər, ancaq biz hələ də öpüşürdük, dənizin suyu düz açıq ağzımıza dolurdu və bu tərəfdən o tərəfə tullayırdı, bizi bir-birimizdən ayırmağa əbəs cəhd edirdi.
Hökmündə olan hər anın sonuncu olduğunu biləndə, sevginin necə gözəl və qürurlu siması varmış, İlahi. Həmin axşam dəniz bu sevginin qarşısında gücsüz idi. Həmin axşam biz dəniz olmuşduq.
…Yarım saatdan sonra biz naringi ağacının yaxınlığındakı yolda vidalaşdıq.
İstisu, yay 2014