Ən stajlı icra başçısının macəraları

Eyvaz

Ermənilərin işğalı altında olan ərazilər üçün büdcədən subsidiya alan Eyvaz Hüseynov yeni vəzifə iddiasındadır

Azərbaycanın ən stajlı icra hakimi olan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1992-ci ildən bu vəzifədədir. Qarabağ müharibəsi veteranı olması, 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsinin komandiri olması, dəfələrlə döyüşdə yaralanması ona düşmən üzərində qələbə qazandırmasa da, yüksək vəzifələr uğrunda mübarizədə müəyyən imtiyazlar qazandırıb. Elə vəzifəsini qoruyub saxlamasında da bu amillərin mühüm rolu olub.

İcra başçısının müəmmalı Bakı səfərləri

Uzun illərin «başçılıq təcrübəsi» ona həm də özündən müştəbehlik sindromu qazandırıb. Bir növ «toxunulmazlıq statusu»na yiyələndiyini düşünən Eyvaz bəy özünü hakimimütləq hesab edir. Onun təşkil etdiyi məmur «çete»sinin rayona ayrılan dövlət vəsaitini necə talan etməsi, yerli əhəmiyyətli sosial problemləri həll etmək əvəzinə daha da dərinləşdirməsi barədə bu 20 ildən artıq müddət ərzində çox məlumat yayılıb. Başçının diplomsuz kadrları himayə etməsi, qardaşı İbad Hüseynovun döyüş rəşadəti haqda mif yaratması, fəaliyyətdə olan məktəbi sökərək öz qoyunları üçün ferma tikdirməsi və başqa qanunsuzluqlar barədə informasiyalar E. Hüseynovun tükünü belə tərpətməyib.
Böyük bir hissəsi işğal altında olan Xocavənd rayonunda korrupsiya hallarının getdikcə daha da artması barədə narahatlıq ifadə edən məlumatların çoxalması təşviş doğurur. Eyvaz Hüseynovun hakimiyyətindən narazı qalan elektoratın «sivri ucunda» Qaradağlı kənd camaatı gedir. Hərçənd, bu, ayrı söhbətin mövzusu olduğuna görə üstündə çox dayanmaq istəmirik. Yalnız onu bildirək ki, Eyvaz Hüseynovun «qələminin qırılacağı» təqdirdə o təkcə vəzifəsini deyil, həm də müsbət reputasiyasını itirəcəkdir. İllər uzunu idarəçilikdə tətbiq etdiyi qeyri-məqbul üsullarla özünə qazandığı düşmənlər onun üstünə birdən hücum edəcəklər.
Xocəvənd sakinlərindəndən cumhuriyyet.az-a daxil olan məlumata görə E.Hüseynov tez-tez paytaxta səfər edir və bu səfərlər heç də Rayon İcra Hakimiyyətinin illik, altıaylıq, rüblük, aylıq hesabatlarını Prezident Administrasiyasına təqdim etmək üçün deyil.

Rayon təhsilinin korrupsiya dosyesi

Korrupsiyaya uğramış təhsil şöbələrindən biri kimi Xocavənd RTŞ-nin adı çəkilir. Həmin məlumatlarda bildirilir ki, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifovun öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən bu gün işğal altında olan bu rayonun təhsili uçuruma yuvarlanmaqdadır.
Narazı sakinlər tərəfindən müxtəlif instansiyalara ünvanlanan şikayət ərizələrində rayon təhsilində vəziyyətin dözülməz həddə çatdığı göstərilir. Mənbələrin bildirdiyinə görə, Xocavənd Təhsil Şöbəsinə kadrların seçilməsi zamanı heç bir qanuna riayət olunmur. Belə ki, təhsil sistemindən anlayışı olmayanlar hazırda təhsil şöbəsində bəzi mühüm vəzifələri tutublar. Aşkarcasına ölkə qanunlarını pozan RTŞ müdiri isə son vaxtlar hətta Xocavənd RİH başçısı ilə əlbir olaraq ayrı-ayrı müəllimlərə qarşı təqiblərə də başlayıb. Məlumatlarda Şəfahət Yusifovun qazanc məqsədilə yalnız kağız üzərində fəaliyyət göstərən bir neçə məktəb açmasından, özünün və RİH başçısı Eyvaz Hüseynovun yaxın qohumlarını həm real, həm də “virtual” məktəblərdə rəhbər vəzifələrə təyin etməsindən, saxta diplomla “müəllimlik” etmək həvəsində olan şəxsləri işlə təmin etməsindən, peşəkar və təcrübəli müəllimləri müxtəlif bəhanələrlə işdən azad edərək öz yaxınlarını eyni zamanda iki məktəbdə işə götürməsindən və digər yolverilməz qanun pozuntularından bəhs edən faktlar təqdim olunur.Redaksiyamıza daxil olan son məlumatlara görə, bütün bu qanunsuz əməllərində ona himayədarlıq edən Rayon İcra hakimiyyəti başçısı vəı onun humanitar işlər üzrə müavini ilə aranı pozan Şəfahət Yusifov çox çətin vəziyyətə düşüb.

Belə ki, bütün cinayətkar əməllərində ortaq olan İcra başçısının humanitar işlər üzrə müavini və təhsil şöbəsinin müdiri kreslo üstündə savaşa qalxıblar . Vəzifədən kənarlaşdırılan humanitar məsələlər üzrə müavin Təhsil şöbəsi sədrliyinə ən uğurlu namizəd olacağını düşünüb. Bu da iki “dostun” arasında münaqişəyə səbəb olub.İş böyüyərək məhkəməyə doğru gedib çıxıb. Bir-birinin cinayətkar əməllərinə, korrupsiya fəaliyyətinə şahid olan “dostlar” dara düşəndə bir-birini satmaqdan çəkinmiyiblər. Azərbaycan prezidenti İlham Əliyevin Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 24 iyul sərəncamından,Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsinin yaranmasından sonra belə, bu iki məmurun kreslo davası davam edir. Lakin Cumhuriyyet.az-a daxil olan məlumatlara görə, onların ikisi də bu savaşdan məğlub çıxacaq.
Son olaraq bir faktı da qeyd etmək lazımdır ki, Xocavənd Rayon Təhsil Şöbəsi, fəaliyyətindəki nöqsanlar barədə ölkə mətbuatında ən çox yazılan qurumlardan biri olsa da, Şəfahət Yusifovun yuxarı dairələrdəki havadarları yol verdiyi bütün qanun pozuntularına rəğmən bu günə qədər onun toxunulmazlığını təmin etməyə elə də çətinlik çəkməyiblər. Lakin görünür ki, artıq Xocavənd təhsilinin də Şəfahət Yusifovun işğalından azad olunacağı vaxta sayılı günlər qalıb.

İcra Hakimiyyətində işğal maxinasiyası

 

Əraziləri düşmən işğalı altında olan Xocavənd rayonunda torpaq biznesindən pul qazanan məmurlar peyda olub.Belə ki, sənəd üzərində təxminən 300 HA əraziyə malik olan Xocavənd rayonuna dövlət büdcəsindən 1560000 manat subsidiya ayrılıb. Xatırladaq ki, Subsidiya – dövlət büdcəsindən muxtar büdcələrə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir. İstehsаl və idхаlа subsidiyаlаr müəssisələrin cаri istehsаl fəаliyyəti ilə əlаqədаr оlаrаq dövlət tərəfindən verilən və qаytаrılmаyаn cаri ödəmələrdir. Amma cumhuriyyet.az-a daxil olan məlumatlar başqa məqamları üzə çıxarır. Belə ki, Xocavəndə ayrılan 1 milyon 560 min manat subsidiya hər 1 hektar üçün 80 Azn olaraq hesablanıb. Bu isə o deməkdir ki, Xocavənd rayonu hazırda 19500 ha əraziyə malikdir. Rayon İcra Hakimiyyətinin rəsmi saytında subsidiyalarla bağlı verilən məlumatlardan da görünür ki, bu rayona dövlət büdcəsindən ayrılan və geri tələb olunmayan yardım məcburi köçkün ailələrinə həyətyanı, əkin və otlaq sahələrinin ayrılması, onlara əvəzsiz maliyyə yardımının verilməsini təmin etmək məqsədilə 2008-ci ildə istifadəyə verilmiş “Xocavənd” qəsəbəsində məskunlaşmış sakinlərə 0.60 ha torpaq sahəsi paylanmış, əkin və biçin üçün subsidiyalar (dizel yanacağı və motor yağına görə) verilmişdir. Digər maliyyə yardımı olmamışdır.

Adıçəkilən qəsəbədə 500 ailə məskunlaşıb. Yuxarıda göstərilən məlumatda isə hər ailə üçün 0.60 ha torpaq sahəsinin paylandığı bildirilir. Belə olan halda “Xocavənd” qəsəbəsinin 300 ha əraziyə malik olduğu açıq-aşkar məlum olur. Hesablamamızı daam etdirmiş olsaq, görərik ki, hər 1hektar üçün dövlət büdcəsindən 80 AZN subsidiya ayrılmış olsaydı, o zaman toplam 24 min AZN vəsait tələb olunardı. Lakin əfsuslar olsun ki, bizim əldə etdiyimiz rəqəmlərlə reallıq arasında 1 milyon 530 min manat fərq var.

Bəs ,görəsən, dövlət büdcəsindən bu qədər böyük pullar hansı adla silinib? Məsələ ilə bağlı cumhuriyyet.az-ın apardığı araşdırma səyəsində məlum olub ki, Xocavənd rayonunda baş verən bu özbaşınalıqların arxasında başçının müavini – Aqrar məsələlər şöbəsinin müdiri Mustafayev Rafael Rəşid oğlu dayanır. Məhz onun təşəbbüsü ilə “Kranka” adlı şirkətə məxsus torpaq sahələri Xocavənd rayonunun ərazisi kimi göstərilərək dövlət büdcəsi talan edilib.

“Mədəni” maliyyə maxinasiyaları

Xocavənddən daxil olan məlumatda həmçinin göstərilir ki, icra başçısı Eyvaz Hüseynov yaxın qohumu olan rayonun Mənzil Komunnal Təəsrrüfat Birliyinin sədri Elxan Məmmədovun, Mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Balakişiyevin və rayon Maliyyə İdarəsinin müdiri Fəyyaz Azadovun əli ilə hər il külli miqdarda dövlət vəsaitini mənimsəyir. Belə ki, məlumata əsasən hər il Xocavən Mənzil Kommunal Təsərrüfat Birliyinə 200 min manata yaxın vəsait ayrılır. Həmin vəsaitlər isə təəsrrüfat mallarının alınmasına, abadlıq, yaşıllaşdırma və sair işlərin görülməsi adı altında sənədləşdirilərək mənimsənilir.
Elxan Məmmədovun rəhbərlik etdiyi Mənzil Komunnal Təəsrrüfat Birliyinə ayrılan vəsaitlərdə rayon Maliyyə İdarəsinin müdiri Fəyyaz Azadovunda öz payı var. Mənbəmiz qeyd edir ki, Fəyyaz Azadov rayondakı büdcə idarələrinə ayırdığı vəsaitin 15% ni əvvəlcədən nəqd şəkildə alır və həmin vəsaiti icra başçısı Eyvaz Hüseynovla bölüşür. Daxil olan məlumatda göstərilir ki, Eyvaz Hüseynovun və Fəyyaz Azadovun yağlı tikələrindən biri də rayon Mədəniyyət və Turizm şöbəsidir. Ramiz Balakişiyevin rəhbərlik etdiyi bu qurum əslində formal olaraq fəaliyyət göstərir. Qeyd edək ki, Xocavənd Mədəniyyət və Turizm şöbəsinin balansında 7 mədəniyyət evi, 13 klub, 13 kitabxana və 2 musiqi məktəbi fəaliyyət göstərir. Məlumat verən mənbə bildirir ki, 7 mədəniyyət evindən yalnız 3 mədəniyyət evi ( rayon Mədəniyyət evi, Tuğ kən Mədənəniyyət evi, Xocavənd kənd mədəniyyət evi) fəaliyyət göstərir. Yerdə qalan Muğanlı, Qaradağlı, Kurapatkin kənd mədəniyyət evləri formal olaraq sənədlərdə fəaliyyət gösətrir. Belə ki, həmin mədəniyyət evlərinin binası, rəhbərliyi olsada işçilərin əksəriyyəti Ramiz Balakişiyevin «ölu can»larıdır. Bundan başqa Muğanlı, 1, 2 , 3 saylı Əmirallar, Salakətin, Haxullu, Günəşli, Köçbək, Xətai kənd klublarınında yalnız adları və rəhbərləri var. Şöbə müdiri 1 saylı Kurapatkin, 1, 2 saylı Qaradağlı, 1,2 saylı Muğanlı, 1,2 saylı Əmirallar, Günəşli və köçbək kənd kitabxanalarında güya çalışan işçilərin əmək haqqılarını mənimsəyir.
Mənbə bildirir ki, Eyvaz Hüseynov və Fəyyaz Azadov cütlüyü hər il rayonun daxili büdcəsindən Ramiz Balakişiyevin idarəsinə 100 min manatdan çox vəsait ayırırlar və həmin vəsaitlər yuxarıda qeyd etdiyimiz kimi, adı olub özü olmayan mədəniyyət evlərinin, klubların, kitabxanaların cari təmirinə, inventarlarına və digər avadanlıqların alınması adı ilə sənədləşdirilərək silinir.
İştah diş altındaymış

Onu da bildirək ki, E.Hüseynovun «Qaçqınkom» rəhbəri Əli Həsənov tərəfindən də himayə olunduğu barədə səhih məlumatlar var. Görünür, Eyvaz bəy də bu himayədarlığın əvəzini layiqincə ödəyir. Bu müstəvidə «əlin əli, əlin də üzü yumasının» yeganə yolu köçkünlərə ayrılan dövlət qayğısını qayçılamaq, hərəyə o qayçının bir qulpundan yapışmaqdır. Məhz bu səbəbdəndir ki, ölkəninin ən uzun ömürlü icra başçılarından biri olan Xocavəndin rəhbəri artıq daha böyük və daha gəlirli rayonların birinin başçısı olmaq istəyir. Bu haqda cumhuriyyet.az-a daxil olan məlumata görə, Eyvaz Hüseynov bütün əlaqələrini işə salaraq iri Aran rayonlarından birinə başçı gəlmək istəyir. Xocavəndin icra başçısının xəyalından bir neçə rayon keçir və onlardan biridə ölkəninin ən böyük rayonlarından biri olan Kürdəmir rayonu olub. Lakin artıq yaşlanmış İrşad Əliyevi Tərtərin icra başçısı əvəz etdiyinə görə Eyvaz Hüseynov yeni versiyalar üzərində çalışmağa başlayıb.
Eyni zamanda daxil olan məlumatda bildirilir ki, yeni rayona təyinat almaq istəyən Eyvaz Hüseynov Xocavənddə böyük yığıma start verib. İcra başçısının rayonda fəaliyyət göstərən bütün idarə və müəssisə rəhbərlərinin boynuna müəyyən məbləğ qoyduğu bildirilir.