Naxçıvanda da məktəblər bağlandı

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Bu barədə XALQ.AZ-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafika uyğun davam edib.

Həmçinin bu qərar uşaq baxçalarına da aiddir.

Xatırladaq ki, ötən gün Azərbaycanda bağça, məktəb və universitetlərdə martın 10-a qədər müvəqqəti tətil elan edilsə də, Naxçıvan Muxtar Respublikasının bütün təhsil müəsisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılmayacağı bildirilmişdi.