Nazir Beynəlxalq konfransda çıxış edib

58

 

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov martın 28-30-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil olunan Dünya Telekommunikasiya Konfransının açılış sessiyasında iştirak edib.

Nazirlikdən Xalq.az-a verilən məlumata görə, o, plenar sessiyada keçirilən iclasda çıxış edərək, ölkə rəhbərliyinin dəstəyi ilə həyata keçirilən işlər, o cümlədən, beynəlxalq əhəmiyyətli regional layihələr barədə məlumat verib.

“TASİM” və “EPEG” layihələrinin beynəlxalq əhəmiyyətindən danışan nazir, təhsildə İKT-nin inkişafından da söz açıb.

Tədbir çərçivəsində nazir İran, Polşa, Misir və Uqandanın sektor üzrə aidiyyəti nazirləri, həmçinin BTİ-nin Baş katibi və Baş katibin müavini, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkət rəsmiləri ilə görüşlər keçirib.

Qeyd edək ki, 4 ildən bir keçirilən budəfəki tədbir genişzolaqlı internetin və telekommunikasiya xidmətlərinin inkişafına həsr olunub.

Tədbirə BTİ-yə üzv 36 ölkənin naziri və 2000-ə yaxın nümayəndəsi qatılıb.

Konfrans işini aprelin 10-a qədər davam etdirəcək və sonda bəyannamə qəbul olunacaq.