Maliyyə Nazirliyindən xəbərdarlıq

86

 

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatları və siyasi partiyalara xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprelin 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Qeyd edək ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.