Nazir: Diplomu saxtalaşdırmaq mümkündür

11

 

“Bu, birbaşa olaraq təhsil sistemində baş verən proseslərlə bağlıdır”.

Saxta diplomlarla bağlı Təhsil Nazirliyinin mövqeyi qəti və birmənalıdır. Bu hal təhsil sistemində baş verməməlidir.

Xalq.az APA-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Hər bir sənədin saxtalaşdırılmasının mümkün olduğunu deyən M.Cabbarov qeyd edib ki, bu, müvafiq cinayət qanunvericiliyi ilə tənzimlənən məsələdir:

“Belə hallara tamamilə fərqli prizmadan baxılır və baxılmalıdır. Onlar aşkarlanarkən məlum olur ki, hansısa qanuni sənədin saxta sürəti çıxarılır və ya saxta sənəd qanuni sənəd kimi təqdim olunur. Biz saxta diplom dedikdə məhz bunu nəzərdə tuturuq. Ona görə də hər bir dövlət orqanı kimi, istər işəgötürən, istərsə də təhsil məsələlərini tənzimləyən qurum kimi belə hallarla rastlaşarkən həmin məlumatları hüquq-mühafizə orqanlarına göndərmişik.

Bu iş gələcəkdə də davam etdiriləcək. İkinci məsələ isə qanuni diplomların qanun pozuntuları ilə verilməsidir. Diplom özü-özlüyündə sənəd olaraq qanunidir, dövlət tərəfindən hazırlanıb və verilir, lakin onun verilməsində qanun pozuntuları baş verir və hüquqi olmayan həmin sənəd verilir. Bu birbaşa olaraq təhsil sistemində baş verən proseslərlə bağlıdır. Hər iki təhsil pozuntularına qarşı Təhsil Nazirliyinin mövqeyi birmənalıdır. Biz bu işləri gələcəkdə də davam etdirəcəyik. Pozuntular aşkar olunduğu təqdirdə dövlət orqanları və Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər görüləcək”.