Nazir forumda cıxış etdi

 

65

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri və İnternet İdarəçiliyi Forumunun baş katibinin dəvəti ilə London şəhərində ikigünlük səfərdə olub.

Xalq.az xəbər verir ki, Qlobal İnternet İdarəçiliyi Forumunun nazirlər toplantısında çıxış edən Əli Abbasov ölkəmizdə bu sahədə aparılan islahatlar, eyni zamanda dünyada mövcud olan İKT və internet problemlərindən danışıb.

Səfər zamanı hər iki tərəfdən 150 nəfərin iştirakı ilə “Böyük Britaniya – Azərbaycan Yüksək Texnologiyalar Forumu” keçirilib. Forumda Azərbaycanla Böyük Britaniya (BB) arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da gücləndirilməsi məsələsi müzakirə olunub.

Nazir Əli Abbasov və Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri giriş nitqi ilə çıxış ediblər.

Tədbirdə Azərbaycan şirkətləri tərəfindən tədqimatlar həyata keçirilib. Təqdimatlarda qeyd edilib ki, Azərbaycan hökumətinin hədəfi texnoloji infrastruktur və xidmətlərin beynəlxalq standartlar səviyyəsinə çatdırılmasıdır.

Forum iştirakçılarına nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə, Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”, orbitə 2016-cı ildə buraxılacaq müşahidə peyki, 2017-ci ildə buraxılacaq ikinci telekommunikasiya peyki və digər layihələrlə bağlı məlumat verilib.

Böyük Britaniya şirkətlərinin təqdimat mərasimindən sonra tərəflər arasında B2B (Business to Business) formatında görüşlər keçirilib, qarşılıqlı əlaqələr və gələcək perspektivlər müzakirə olunub.