Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Paytaxtın Nərimanov rayonu Qarabağ küçəsi, 33 ünvanında yaşayan sakinlər “East Residence” MTK tikinti şirkətinin illərdir onların evlərini təhvil vermədiyindən şikayətçidirlər.
XALQ.AZ məlumat verir ki, sakinlərin sözlərinə görə, onlara evləri sökülərkən yeni mənzillə təmin olunacaqları deyilsə də, həmin vaxtdan dörd ilə yaxın müddət keçib, lakin Mənzil-Tikinti Kooperativi vədinə əməl etmir.
“İl yarıma binamızın tikiləcəyini dedilər. Dörd ilə yaxındır, çöldəyik. Nə kirayə pulumuzu verirlər, nə də evlə təmin edirlər. Şirkətə gedəndə də qapısı bağlı olur. Qaçıb gizlənirlər”, – deyə şikayətçilər narazılıqlarını bildiriblər.
Baku TV-nin çəkiliş qrupu məsələni dəqiqləşdirmək üçün “East Residence” MTK -nın ofisinə yollansa da, şirkət nümayəndələri sualları cavablamaq istəməyiblər.
Daha sonrakı çəkiliş zamanı isə artıq satış ofisinin adının yazıldığı lövhə çıxarılaraq məsələyə aydınlıq gətirməkdən yenidən imtina edilib.