Növbəti il olkədə Parlament seçkiləri keçiriləcək

2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən bir müddət sonra Milli Məclisin növbəti dəfə buraxılacağı ilə bağlı məlumatlar yayıldı. Qaynarinfo xatırladır ki, həmin məlumatlarda Milli Məclisin buraxılması əsasən proporsional seçki sisteminin bərpası ilə izah edilirdi. Bildirilirdi ki, hakimiyyət yeni siyasi konfiqurasiya formalaşdırmaq üçün proporsional seçki sisteminin bərpasınə nəzərdən keçirir. Hətta bu məqsədlə referendum hazrlıqlarının aparıldığı da iddia edilirdi.

 

İddialara görə, referendumdan sonra Milli Məclisin buraxılması gündəmə gələcək.

 

İqtidar təmsilçiləri bu məlumatları israrla təkzib etsələr də, Milli Məclisin buraxılacağı ilə bağlı ölkənin siyasi sferasında hələ də məlumatlar dolaşmaqdadır.

 

Milli Məclisin buraxılacağını iddia edənlərin bir arqumenti də 2025-ci ildə iki mühüm siyasi prosesin keçirilməsinin mümkünsüzlüyü ilə bağlı idi.

 

Azərbaycanda növbəti prezidenti seçkiləri 2025-ci ilə təsadüf edir. Milli Məclis də 5 il müddətinə seçilir. Növbədənkənar seçkilərin 2020-ci ildə keçirildiyini nəzərə alaraq Milli Məclisin səlahiyyət müddətinin 2025-ci ildə bitəcəyi vurğulanırdı.

 

Lakin burada incə bir nüans nəzərə alınmayıb. Məsələ burasındadır ki, Azərbaycan Konstitusiyasının 98-1-ci maddəsinin II hissəsində qeyd edilir ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən parlament çağırışının səlahiyyət müddətinin 5-ci ilinin noyabr ayının 1-ci bazar günü keçirilir.

 

2020-ci ildə keçirilən seçkilərdə seçilən Milli Məclisin 5-ci ili 2024-cü ilə düşür. Bu isə o deməkdir ki, növbəti parlament seçkiləri 2024-cü ildə keçirilməlidir. Əlbəttə ki, bu müddət ərzində Milli Məclis başqa səbəblərdən buraxılmasa.