Növbəti ilin dövlət büdcəsi də sosialyönümlüdür

Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsindən bir il keçir. Ölkəmiz ağır bir savaşdan çıxıb. Buna baxmayaraq, sona çatmaqda olan 2021-ci il uğurlu olub. Və 44 günlük Vətən müharibəsinin qalib dövlətinin 2022-ci il üçün hazırlanan iqtisadi konstitusiyasını zəfər büdcəsi də adlandıra bilərik. Çünki bu, 30 il əvvəl müstəqilliyini bərpa etmiş bir ölkənin müstəqillik tarixinin ən böyük büdcəsidir. Belə ki, əgər Vətən müharibəsi Azərbaycanın hərbi gücünün təntənəsi oldusa, gələn ilin büdcəsi isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirən reallıqdır. Çünki Azərbaycan son 18 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçərək regionda ən güclü iqtisadi potensiala malik olan ölkələrdəndir. Belə ki, 2003-cü ildən bu yana iqtisadiyyatın üç dəfədən çox artması, ölkə iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılması, iqtisadi baxımdan özünü tamamilə təmin edən və ciddi maliyyə çətinliyi olmayan və il ərzində həyata keçirilən məqsədyönlü islahatlar, bir sözlə inkişaf səviyyəsini xarakterizə edən bütün bu göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşması Azərbaycanın regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrildiyini sübut edir.

Ümumilikdə, Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən çoxşaxəli islahatlar, kompleks tədbirlər sayəsində əldə edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə də inkişaf dinamikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.

Ənənəvi siyasətin uğurlu nəticəsi – 2022-ci ilin dövlət büdcəsi də sosialyönümlüdür

Məlum olduğu kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşın maraqları dayanır. Xüsusilə də, indi dövlət işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparsa da, əhalinin maddi rifah halını yaxşılaşdırmaq üçün sosial xərcləri əhəmiyyətli dərəcədə artırır. Belə ki, dövlət büdcəsi xərclərinin 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1.336 milyon manat artırılmasının ölkədə aparılan sosial-iqtisadi inkişaf strategiyasına uyğun olduğununun göstəricisidir. Belə ki, sosial xərclərin ilk dəfə olaraq dövlət büdcəsi xərclərinin 46,4 faizini təşkil etməsi, təhsil, səhiyyə, sosial müdafiə, müdafiə və təhlükəsizlik kimi prioritet xərc istiqamətləri üzrə xərclərin artırılması bu sahələrdə aparılan dövlət siyasətinin maliyyə təminatının yaradılmasına xidmət edir. Eyni zamanda Azərbaycan Prezidentinin sosial ödənişlərin artırılması üçün imzaladığı sərəncamın maliyyə təminatı üçün büdcədə 1.441 milyon vəsaitin nəzərdə tutulması 1,6 milyona yaxın vətəndaşın sosial rifahına birbaşa təsir edəcəkdir.

Eyni zamanda, dövlət büdcəsindən hərbi məqsədlər üçün kifayət qədər vəsaitin ayrılmasını da Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşın maraqları dayandığının reallığıdır. Eyni zamanda, iki ildən çox müddətdə dünyanı ağuşuna alan COVID-19 pandemiyası ilə mübarizə və digər strateji əhəmiyyətə malik sahələr üçün nəzərdə tutulmuş vəsaitlərin artırılması dövlətimizin daha da gücləndirilməsinə, cəmiyyətimizin inkişafına öz töhfəsini verəcək.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, yaşadığımız bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi də məhz bu dövrdə dövlətimizin siyasətinin aydın göstəricisi olacaq.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü