O, Azərbaycanı təmsil edəcək

Ölkəmizi dünyanın dörd bir yanında təmsil edən gənclərin sayı günü-gündən artmaqdadır. Əminə Şərifzadə ABŞ-ın Pensilvaniya ştatının Betlehem şəhərində yerləşən LeHigh Universitetində təşkil olunan Global Village proqramında Azərbaycanı təmsil edir. Daha əvvəl okeanın o tayında Flex proqramının da məzunu olmuş Əminə moda sahəsi üzrə dizaynerdir. 

O,  qeyd edib ki, Global Village-də Azərbaycanla yanaşı, Türkiyə, Ermənistan, Rusiya, Kanada, bir çox Afrika ölkəsi, Hindistan, Pakistan, Polşa, Serbiya, Monteneqro və digər ölkələrdən 55 nəfər iştirak edir.

Əminə deyir ki, proqram çərçivəsində iştirakçılara liderlik, təşəbbüskarlıq bacarıqlarının inkişafı üçün təlimlər keçilir. Gün ərzində sessiyalar bir neçə saat davam edir:

“Bundan əlavə müxtəlif layihələr üzərində işləyirik. 55 nəfərin təşkil etdiyi 6 qrup “start up” layihələri olan müştərilərlə işləyir. Onlara müvafiq “start up” layihələrinin tələbləri barədə araşdırma etməyə kömək edirik. Betlehemdə “Factory” adlı investisiya inkubatoru var. Burada biznes ideyanı təqdim edirsən, bunun həyata keçirilməsi üçün köməklik göstərilir. Kiçik biznesin inkişafına dəstək verən mərkəzlərə gedirik. Kiçik sahibkarlar bizimlə təcrübələrini bölüşür, motivasiya verir. İştirakların BMT-dən olan spikerlərlə görüşləri təşkil edilir. BMT-nin bu gün qarşıya qoyduğu 17 problem var. Onların həlli istiqamətində müzakirələr aparırıq”.

Proqram çərçivəsində Vaşinqton, Nyu York və Filadelfiyada da olduqlarını deyən Əminə bildirib ki, iştirakçılar ABŞ Dövlət Departamentinin nümayəndələrilə görüş fürsəti əldə ediblər:

“Proqram iştirakçıları fərqli ixtisas sahibləridir. Məsələn, mən moda dizaynerliyilə məşğulam. Bəziləri biznes  ixtisaslarını bitirib, kimisi filologiyanı. Mənim buradakı bəzi iştirakçılardan fərqim odur ki, əvvəllər ABŞ-da Flex proqramının məzunlarından biri olmuşam. Həmin proqram Dövlət Departamenti tərəfindən maliyyələşdirilirdi. Global Village-ə müraciət ödənişlidir, 7500 dollar. Bundan əlavə beş həftə ərzində zəruri yaşayış xərclərini də iştirakçı özü qarşılayır. Mən Flex məzunu olduğumçün müraciət haqqı ödəməli olmadım, sadəcə gediş-gəliş biletlərimi və yaşayış xərclərini qarşıladım”.

Əminənin sözlərinə görə, proqramın bir məqsədi də xalqlararası münasibətləri inkişaf etdirməkdir:

“Müxtəlif ölkələrdən olan iştirakçılar burada bir-birilə münasibət quraraq, fərqli mədəniyyətlərlə tanış olur, xalqlar, millətlər arasında dostluq, ünsiyyət, xoş rəftarı təşviq edir. Bu proqramı bitirən şəxslər gələcəkdə də bir-birilə əlaqə saxlayır, ünsiyyətdə olur. Biz gələcəkdə də birləşib hər hansı layihələri həyata keçirə bilərik. Burada səmimi bir mühit var. Bəzi amerikalılar var ki, bu vaxta kimi burada təmsil olunan bəzi ölkələr barədə məlumatsız olublar. Bu proqramdan sonra onlar müxtəlif ölkələr haqqında məlumat alıb, xarici dil bacarıqlarını inkişaf etdiriblər”.

Əminə proqram çərçivəsində gördüyü işlərdən də danışıb:

“Layihələr və sessiyalardan əlavə, digər fəaliyyətlərlə də məşğul oluruq. Mədəniyyət gecəsi təşkil olunmuşdu. Milli mətbəximizdən şah plov, badımcan küküsü bişirmişdim. Çox bəyənildi. Digər bir diskussiya panelindəsə Azərbaycanın iqtisadi vəziyyəti, inkişaf perspektivləri, investisiya imkanları haqqında danışdım, iştirakçıların suallarını cavabladım.
Düşünürəm ki, gənclərin ölkəmizi müxtəlif beynəlxalq layihələrdə, proqramlarda təmsil  etməsi dünyada tanınmağımızda rol oynayır”.