Oğuzda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 1-də Oğuz rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

XALQ.AZ xəbər verir ki, aksiya zamanı rayon ərazisində ayrılmış 2 hektar sahədə 312 ədəd qoz ağacı əkilib.

Yeni salınan bağ rayonda yaşayan 3 aztəminatlı ailə arasında bərabər bölünərək, təmənnasız olaraq onların istifadəsinə verilib. Ailələr qoz bağına qulluq göstərərək, məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.

Mərasimdə bildirilib ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprelində başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən və Ağsu rayonlarında salınaraq aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, ümumilikdə, 21 min 120 meyvə ağacı əkilib və 66 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında da təşkil olunacaq.

Oğuz rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub. IDEA İctimai Birliyinin təmsilçiləri aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək verən qurumlara təşəkkürünü bildiriblər.

Orxan