Oktay Əsədov İranlı deputatlarla görüş keçirib.

02

 

Xalq.az xəbər verir ki, Sentyabrın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi.
Sədr qonaqları səmimi salamlayaraq müstəqil Azərbaycanın İran İslam Respublikası ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. Qeyd edildi ki, qədim tarixi köklərə malik münasibətlərimiz bu gün də yüksələn xətlə inkişaf etməkdədir. Spiker əlaqələrimizin dərinləşməsində dövlət başçılarının əhəmiyyətli rol oynadığını vurğulayaraq, hər iki ölkə parlamentinin bu mühüm işə töhfə verdiyini söylədi. Spiker parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının əhəmiyyətini qeyd edərək, bu cür görüşlərin mütəmadi keçirilməsinin önəmli olduğunu dedi. Bildirildi ki, bu günədək ölkələrimiz arasında 100-dən çox sənəd imzalanmışdır. Bu sənədlər təkcə siyasi deyil, iqtisadi, mədəni, humanitar sahələrdə də münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaradır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən iranlı millət vəkili Cavad Cahangirzadə parlamentin Sədrinə İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirakına görə minnətdarlığını ifadə etdi. Sonra o, İran İslam Respublikası İslam Şurası Məclisinin Sədri Əli Laricaninin salamlarını cənab Oqtay Əsədova çatdırdı. Bildirildi ki, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsi həyatın digər sahələrində münasibətlərimizin inkişafına öz müsbət töhfəsini verir.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, regionda təhlükəsizlik, lokal münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbərinin müavini Eldar İbrahimov, İran parlamentinin deputatları Əhməd Şuhani, İbrahim Ağaməhəmmədi, İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakai və digər rəsmi şəxslər iştirak edirdilər.

nbsp;