Ölkə başçısı Azərbaycanı inkişafa, tərəqqiyə aparır

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu yaxınlarda Şuşanı mədəniyyətimizin paytaxtı elan etdi. Ardınca ölkə başçısının Şuşaya səfəri ədalətin bərpa olunduğunu və və qalibiyyətin təntənəsini ortaya qoydu. Həmçinin Prezident İlham Əliyevin Şuşaya səfəri, Füzuli beynəlxalq hava limanının, Füzuli-Şuşa yeni avtomobil yolunun təməlinin qoyulması müasir Azərbaycanın tarixində ən mühüm hadisələrdən biridir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

Deputat qeyd edib ki, ölkə başçısının çıxışları həmişə inkişafa, tərəqqiyə söykənib:

“Şuşaya səfər edən zaman İlham Əliyev çıxış edərək çox önəmli məsələlərə toxundu.  Azərbaycan Prezidenti tamamilə haqlı olaraq qeyd etdi ki, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən, iradəli liderlər, milli birliyi olan ölkələr qələbə qazanırlar və Azərbaycanın timsalında hər kəs bunun şahidi oldu. Qarabağın tacı sayılan və mədəniyyətimizin paytaxtı elan olunan Şuşa şəhərinin bərpası isə ölkə rəhbərinin söylədiyi kimi planlı şəkildə təmin olunacaq. Artıq bütün təhlillər aparılıb və müvafiq göstərişlər verilib”

Məşhur Məmmədov Qarabağın hər zamankı kimi dilbər zonaya çevrilməsinin vacibliyini də vurğulayıb: 

“Qarabağ hər zaman səfalı və əsrarəngiz diyar olub. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi  altında Qarabağın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması kimi çox çətin vəzifə uğurla başa çatdırıldı. Artıq işğaldan azad edilmiş ərazilərimizdə həyat canlanıb. Yenidənqurma işlərinə start verilib. Təbii ki, bu işlər proqram çərçivəsində uğurla icra olunacaq. Çox qısa zamanda biz bu işlərin nəticəsini görəcəyik. Ermənilər tərəfindən məhv edilmiş Qarabağ bölgəsi tamamilə yeni simada olacaq. Qarabağ yenidən dilbər zonaya çevriləcək”