“Ölkə Prezidentinin bu işlərlə bağlı siyasi iradəsi mövcuddur” – Vüqar İskəndərov

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli qurultay üçün onlara normal yer verilmədiyini, ayrı-seçkilik edildiyini bildirir. Əvvəla, onlara yer verilib, təkliflər də olunur. Qurultay keçirmək istəyən partiya buyursun, öz qurultayını keçirsin, dövlət onlar üçün bu şəraiti yaradır. Təbii ki, qurultayın keçirilməsi ilə bağlı digər məsələlərlə əlaqədar dövlətin müvafiq orqanları öz işlərini görür. Buna heç kimin şübhəsi olmasın. Bu, yalnız Əli Kərimli tərəfindən bir bəhanədir. Burada hansısa maneədən söhbət gedə bilməz. İddia edirlər ki, qurultayın keçirilməsi üçün otellər də yer ayırmır… Otellər özəl sektordur, hansı otelin kiməsə yer verib-verməməsi onun öz işidir. Düşünmürəm ki, otellər bu məsələdə də hansısa marağa xidmət edirlər. Bu haqda onların yerinə heç nə deyə bilmərəm”.

Bu sözləri  Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Ümumi olaraq, ölkə Prezidentinin bu işlərlə bağlı siyasi iradəsi mövcuddur. Ölkə rəhbərliyi çalışır ki, siyasi proseslərdə sağlam mühit, siyasi plüralizm olsun. Bütün bunların inkişaf etməsi üçün dövlət üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Ölkəmizdə bütün siyasi partiyalara, onların liderlərinə eyni münasibət, yanaşma var. Selektiv yanaşma, bu cür düşüncə elə radikal adlandırdığımız partiyaların liderlərinə məxsus hərəkətdir. Bilirik ki, 44 günlük Vətən Müharibəsində siyasi partiyalar, irqindən, cinsindən, yaşından, siyasi mənsubiyyətindən asılı olmayaraq, xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında toplandı və şanlı zəfərimizi qazandıq. Müharibədə hansı partiyaların nəyə və kimə xidmət etdiklərini, Azərbaycanın mənafeyi üçün nələr etdiklərini gördük. Bu həm də bir sınaq idi və bu sınaqdan üzüağ çıxanlar da, dövlətinin, xalqının ağır günündə yanında olanlar da göründü, olmayanlar da. Nədənsə AXCP və onun sədri Əli Kərimlini isə görə bilmədik. Min cür bəhanə ilə bu məsələdən yayındılar. Artıq qələbəni, zəfəri qazanmışıq. Dünyanın ən qürurlu xalqlarından biriyik. Üzümüz ağ, alnımız açıqdır. Post-müharibə dövründə də ölkədə ictimai-siyasi sabitlik mövcuddur. Azərbaycan dünyada az ölkələrdən biridir ki, sabilik adasıdır, insanlar stabil bir ölkədə yaşayırlar. O cümlədən siyasi konfiqurasiya da yeni düzənə uyğun inkişaf edir. “Siyasi partiyalar haqqında” qanun işləkdir. Prezident Administrasiyasında müvafiq xüsusi şöbənin olması, bu şöbənin siyasi partiyalarla çox aktiv işləməsi, onların ölkəmizin ictimai-siyasi həyatına inteqrasiya olunmaları – bütün bu məsələlər öz həllini tapıb. Bu münasibətlər yeni çağırışlara uyğun inkişaf etməkdədir”, – deputat bildirib.