Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri qarşılıqlı əlaqələrimizin yüksək inkişafının göstəricisidir

Azərbaycanla Pakistan arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Ötən dövr ərzində əlaqələrimiz yüksələn xətlə inkişaf edib. İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri də qarşılıqlı əlaqələrimizin yüksək inkişafının göstəricisidir.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasındadır. Pakistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə görə Ermənistanla diplomatik münasibətlər qurmaması əsl qardaşlıq nümunəsidir. Ümumiyyətlə, Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 44 günlük Vətən müharibəsində də Pakistan dost və qardaş Türkiyədən sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətlərdən olub.

Deputatın sözlərinə görə, Pakistanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur, siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi-sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Pakistan həmişə Azərbaycanın haqq işini dəstəkləyib və bu günə kimi də Ermənistanla diplomatik əlaqələr qurmayıb. Eyni zamanda, Azərbaycan da daim Pakistanın haqq işini dəstəkləyib. Səfər çərçivəsində mətbuata bəyanat zamanı Prezident İlham Əliyev “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcək. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi”, – deyə bildirib.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması və ərazilərin azad edilməsi Cənubi Qafqazın geosiyasətində yeni siyasi konfiqurasiya formalaşdırıb. Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Pakistan Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir.

“Bu gün Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib. İyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, 15-də isə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələrin mövqeyi və apardıqları siyasət islam dünyasında əlaqələrin inkişafına, İslam dünyasının maraqlarının müdafiəsinə yönəlmiş siyasətin bariz nümunəsidir. Bundan fərqli olaraq, özünü İslam dünyasının maraqlarının müdafiəçisi kimi təqdim edən, əslində isə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinə hərtərəfli dəstək verən İran davranışları ilə özünü tam ifşa edib və İslamdan yalnız öz maraqlarını inkişaf etdirmək üçün bir vasitə kimi istifadə etdiyini hər addımında göstərib. Ötən dövrdə baş verən proseslər isə göstərir ki, gec-tez ədalət öz yerini tapır. Bunun ən gözəl nümunəsi isə Azərbaycan-Türkiyə-Pakistan birliyidir”,-deyə Pərvin Kərimzadə vurğulayıb.