Ölkədə şəffaflıq, sosial ədalət tam təmin edilir

Azərbaycanda əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi son 17 ildə Prezident İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olub. Dövlət başçısının birbaşa rəhbərliyi ilə pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın, sosial ədalətin tam təmin edilməsi, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimumlaşdırılması ilə bağlı mühüm addımlar atılıb.

Bunu Milli Məclisin deputatı İqabla Məmmədov bildirib.

Mİllət vəkili qeyd edib ki, ölkə rəhbərinin islahatlar proqramına, habelə 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq, ötən müddətdə respublikamızda dövlət sosial xidmətlər sisteminin mütərəqqi beynəlxalq təcrübəyə və innovativ yanaşmaya əsaslanan çevik mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq prinsiplərinin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST Agentliyi) də yuxarıda adıçəkilən fərman əsasında yaradılıb. Sənəddə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində xidmətlərin reallaşdırılmasını gerçəkləşdirəcək DOST mərkəzlərinin yaradılması da nəzərdə tutulub. Yeri gəlmişkən, ilk belə mərkəz isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Yasamal rayonunda açılıb. Martın 30-da isə belə bir mərkəz Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində fəaliyyətə başlayıb.
Bu gün DOST mərkəzləri respublika əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsində önəmli rol oynayır. Bu qurumların yaradılması artıq bütün dünyada təqdir olunan mühüm sosial təşəbbüsdür. Ümumiyyətlə, Azərbaycan dünyada bu sahədə liderlik edir. Hazırda DOST mərkəzlərinin səmərəli fəaliyyət göstərmələri sosial sahədə görülən işlərin məntiqi nəticəsidir. Vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır.
Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübədən bəhrələnmək üçün Azərbaycana müraciət edib və respublikamız öz təcrübəsini bölüşməyə hazırdır.
Onu da qeyd edim ki, DOST mərkəzində “bir pəncərə” prinsipi ilə 130-dan çox elektron xidmət göstərilir. Bunların sırasına “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” və digər xidmətlər daxildir.
Gələcəkdə isə DOST mərkəzlərində təqdim edilən xidmətlərin əksəriyyətinin proaktiv şəkildə göstərilməsi planlaşdırılır. Bu zaman elektron sistem üzərindən vətəndaşların bu və ya digər dövlət sosial xidmətdən, yaxud sosial təminat növündən (pensiya, müavinət, sosial yardım, əlillik və s.) istifadə hüququnun yarandığı müəyyən edildikdə, bu barədə onların elektron ünvanına və ya telefonuna müvafiq məlumat və təkliflər göndərilir. Yəni vətəndaş heç yerə müraciət etmədiyi halda, məsələn, bir aydan sonra pensiya və ya sosial müavinət hüququna malik olacağı barədə məlumat alır. Yaxud barəsində əlilliyin qiymətləndirilməsi üçün sistemə göndəriş daxil edilmiş vətəndaş qiymətləndirmənin nəticəsi barədə proaktiv formada məlumatlandırılır.
DOST mərkəzlərində tətbiq olunan innovasiyalar xalqımızın gələcəyə baxışı ilə tam uzlaşır. Bu məsələdə gənclər mühüm rol oynayırlar.
Yeri gəlmişkən, xatırladım ki, hazırda gənclərimizə cəmiyyətin ən fəal təbəqəsi kimi geniş imkanlar yaradılır, onlar idarəetmə strukturlarında yüksək vəzifələrə irəli çəkilirlər.
İnnovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri Azərbaycanın öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratmağa və eyni zamanda, digər ölkələrlə bu təcrübəni bölüşməyə imkan verir.