“Ölkəmiz enerji təhlükəsizliyi məsələlərində dünyada aparıcı aktora çevrilib” – Deputat

İyul ayının 3-də Prezident İlham Əliyev ABŞ prezidenti Co Baydenə Amerikanın milli bayramı-Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan-ABŞ münasibətlərinin dinamik inkişafı, iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətləri barədə mühüm mesajlar əksini tapıb. İki ölkə arasında münasibətlərin bir çox istiqamətlər üzrə yüksək səviyyədə inkişaf etdiyi, bir sıra sahələr üzrə strateji müttəfiqlik səviyyəsinə çatdığı vurğulanıb.

Bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev məktubunun birinci hissəsində beynəlxalq terrorizmə qarşı iki ölkənin birgə fəaliyyəti Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlər baxımından səciyyələndirici amil olduğu bildirilib:

“Sözsüz ki, terrorizmə qarşı qlobal mübarizə dünyada baş verən mürəkkəb proseslər fonunda olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları sayəsində Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verib. Məktubun ikinci hissəsində enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. ABŞ-ın Azərbaycanı enerji sahəsində həyata keçirdiyi bütün transmilli layihələrdə dəstəklədiyi vurğulanıb. ABŞ-ın dəstəyini ölkəmiz yüksək qiymətləndirir. Şübhəsiz ki, ABŞ-ın Azərbaycana enerji sahəsində dəstək göstərməsində ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın dünyanın enerji xəritəsinə köklü dəyişikliklər etdiyi artıq bir reallığa çevrilib. Ölkəmiz enerji təhlükəsizliyi məsələlərində dünyada aparıcı aktora çevrilib. ABŞ-la yanaşı dünyanın böyük dövlətləri, aparıcı beynəlxalq təşkilatları bu reallığı qəbul edir”.

 

Deputat bildirib ki, hazırda Cənubi Qafqazda sülhün təmin olunması üçün əlverişli imkan formalaşıb:

“ABŞ, Ermənistan-Azərbaycan münasibətlərində beybəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh müqaviləsinin hazırlanmasında səy göstərir. Azərbaycan, ABŞ-ın bu səylərini yüksək qiymətləndirir. ABŞ-ın davamlı sülhün təmin olunması istiqamətində səy göstərməsi ölkələrimiz arasında münasibətlərin dimanikasına müsbət təsir edir”.

Tamam Cəfərova iyunun 27-29 tarixlərində ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün regionda davamlı sülhün təmin olunması üçün əhəmiyyətindən bəhs edib:

“Dövlət katibi E.Blinken Vaşinqtonda baş tutan görüşlərdə sülh sazişinin bəzi maddələri üzrə razılaşmaların əldə olunduğunu deyib. Nazirlər ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da bir araya gələrək, regional məsələləri müzakirə edib. Əldə olunan müsbət nəticələr ABŞ-ın regionda sülhün bərqərar olmasında maraqlı olduğunu, eləcə də, beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasına töhfə vermək niyyətinin göstəricisidir. Bütün bunlar qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ münasibətlərinin xarakterinin göstəricisi hesab edilir”.