“Ölkəmiz hərbi-iqtisadi müstəvidə olduğu kimi, dipomatik müstəvidə də əsas söz sahibidir” – Afət Həsənova

Afət Həsənova: “Bu fakt bir daha onu göstərdi ki, ölkəmiz hərbi-iqtisadi müstəvidə olduğu kimi, dipomatik müstəvidə də əsas söz sahibidir”

“Arazdəyəndə inşa olunan “erməni-amerikan” metallurgiya zavodunun köçürülməsi Azərbaycanın diplomatik uğurudur”.

Bunu millət vəkili Afət Həsənova bildirib. Millət vəkili qeyd edib ki, Araz çayı yaxınlığında inşa edilən bu zavod  ölkəmizin ekoloji təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi idi:

“Ermənistanın Naxçıvanla həmsərhəd bölgədə -Araz çayı yaxınlığında inşasına başladığı metallurgiya zavodu ölkəmizdə haqlı olaraq çox ciddi narahatlıq doğururdu. Bu zavod Ermənistan tərəfindən uzun illərdir ki, çirkləndirilən Araz çayının daha da çirklənməsinə, bölgədə ekoloji vəziyyətin daha da ağırlaşmasına səbəb olacaqdı. Məhz bu səbəbdən Azərbaycan dövləti, eləcə də ölkəmizdəki vətəndaş cəmiyyəti institutları bu zavodun sərhədlərimizdən uzağa köçürülməsi tələbi ilə çıxış edir, bu yöndə beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırdı. Sevindiricidir ki, ölkəmizin atdılğı bütün bu addımlar öz məntiqi nəticəsini verdi və bütün bu təzyiqlər qarşısında davam gətirə bilməyən Ermənistan hökuməti zavodun köçürülməsinə qərar verdi. Artıq köçürülmə ilə bağlı məlum fakt Avropa İttifaqının Ermənistandakı missiyası tərəfindən də təsdiqlənib və sözügedən missiyanın özü bu prosesdə iştirak edir.

Bu fakt bir daha onu göstərdi ki, ölkəmiz hərbi-iqtisadi müstəvidə olduğu kimi, dipomatik müstəvidə də əsas söz sahibidir.

Onu da qeyd edim ki, Azərbaycan Ermənistanın inşasına başladığı metallurgiya zavodunu sərhəddimizdən köçürülməsinə nail olmaqla Araz çayı ilə yanaşı, Xəzər dənizinin ekologiyasına da böyük töhfə verdi. Çünki Araz çayının suları da bir sıra çaylarımız kimi Xəzərə tökülür. Bu isə o deməkdir ki, Araz çayının suyu nə qədər çirklidirsə, doğma Xəzərimiz də bir o qədər çox çirklənəcək. Bu baxımdan dövlətimizin qətiyyəti Araz çayı ilə yanaşı, Xəzər dənizini də yaxın gələcəkdəki bu təhlükədən xilas etdi.

Unutmayaq ki, Azərbaycan ekoloji təhlükəsizliyə hər zaman mühüm önəm verib və bu, gələcəkdə də dövlətimiz üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq”.