“Ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır” Kamran Bayramov

BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə malik şəxsiyyət kimi qəbul olunduğunu bir daha təsdiqlədi.

Bunu açıqlamasında millət vəkili Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin siyasətinin əsasında insan amili dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizədə atılan addımlar bunu bir daha təsdiqləyir: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən münasibət buna əyani sübutdur. Bunun başlıca səbəbi isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Dövlət başçısının koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər Azərbaycanın dünyadakı çəkisini daha da artırdı. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış edərək dövlətləri vahid “düşmən”ə qarşı birlikdə mübarizə aparmağa səslədi. 2020-ci ilin aprel ayının 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş onlayn Zirvə görüşü təşkil edildi”.

O, qeyd edib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təklif Qoşulmama Hərəkatına üzv 120 ölkə arasında yekdilliklə razılaşdırıldı və xüsusi sessiyanın keçirilməsi ilə bağlı Baş katib Antonio Quterreşə müraciət ünvanlandı. BMT-nin 130-dək üzv ölkəsi Azərbaycan Prezidentinin təşəbbüsünə rəsmi şəkildə dəstək verdi.

“BMT-nin üzvü olan dövlətlərin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir” – millət vəkili vurğulayıb.

Deputat əlavə edib ki, illər ötdükcə Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik daha da güclənir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır: “Bütün bunların nəticəsidir ki, ölkəmiz yeni-yeni uğurlar əldə edir. Əlbəttə, bu nailiyyətlər Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətini böyük inamla davam etdirməsi nəticəsində qazanılır. Prezidentin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünya miqyasında müsbət qiymətləndirilir”.