“Onların Araik kimilərə bel bağlaması böyük faciələrə səbəb ola bilər” – Könül Nurullayeva

“Qarabağ separatçıları da dərk edir ki, onların axırı yoxdur və Azərbaycan qanunlarına tabe olmaqdan başqa yol qalmayıb. Onlar Azərbaycan Prezidentinin “amnistiya” güzəştindən düzgün istifadə etməlidirlər. Çünki bu, onların son şansıdır”.

Bu fikirləri   Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Separatçıbaşı Araik Arutunyanın “ordusu”nu döyüşə hazırlamaq cəhdi də blefdən başqa bir şey deyil:

“Bununla sadəcə, nəbzi yoxlayırlar. Paralel olaraq da Arutunyanın ailəsini Qarabağdan qaçırmasına dair informasiyalar yayılmaqdadır. Bu, bir daha onu göstərir ki, erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Halbuki, bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazır olan heç kim yoxdur. Xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımızdan sonra? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Təbii ki, yoxdur. Artıq erməni icması da anlamalıdır ki, Arutunyan kimi separatçı və marionet fiqurlara təhlükəsizlik çətiri kimi baxmaq ciddi təhlükədir”.

Millət vəkili bildirib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə məskunlaşan insanlar Azərbaycanda yaşayırlar:

“Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Dövlət başçımızın da söylədiyi kimi, çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə yaşaya bilməzlər. Bu, legitim yanaşmadır və beynəlxalq təcrübəyə uyğundur. Vəziyyət hər gün separatçıların əleyhinə işləyir və heç bir halda onların xeyrinə dəyişməyəcək. Ona görə də Qarabağdakı ermənilər də nəhayət, vəziyyəti düzgün qiymətləndirməli və qondarma liderlərin arxasınca getməməlidirlər. Onların Araik kimilərə bel bağlaması böyük faciələrə səbəb ola bilər. Prezident İlham Əliyevin nüfuzlu KİV-lərə müsahibəsində söylədiyi kimi, etnik ermənilər əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər. Anlamalıdırlar ki, “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma rejimin heç bir perspektivi yoxdur. Onların xilası Azərbaycan qanunlarına tabe olmaqdır”.