Onların dostu Prezidentdir

55

 

Vətənimiz Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşması SSRİ-nin dağılması kimi nəhəng qlobal prosesin nəticəsi olmaqla yanaşı, keçmişimizdən qidalanan, gələcəyimizə boylanan arzu və istəklərin təntənəsiydi. Yerləşdiyimiz coğrafi məkanın spesifikliyi reallığını düşünsək, fərqli olayların yaşanması da mümkün idi. Hətta indi təsəvvürə gətirə bilmədiyimiz hal yaşana – dövlət suverenliyimizi qazanmaya bilərdik. Ancaq biz dövlətinə malik millət kimi yaşamağa layiq olduğumuzu isbatladıq.

Bəli, ilk növbədə isbatladıq, daha sonra dövlətimizi qurduq. Proses heç də asan başa gəlmədi və bu gün qətiyyətlə deyə bilərik ki, asan olmayan, əslində olduqca çətin mərhələdə avanqard rolunu jurnalistikamız oynadı. Azərbaycan mətbuatı müstəqilliyin dadını daha əvvəl hiss etdi və fəaliyyətini məhz müqəddəs amala inandırmaq ruhuna köklədi. İndi adını obyektivlik, tərəfsizlik qoyuruq, o zaman isə jurnalistlərimizin işinin qayəsində bir əlahiddə cəhət vardı – səmimiyyət. Hamı səmimi idi və səmimiyyətlə qələmə alınan fikir cəmiyyətə də səmimiyyət toxumları səpirdi. Azərbaycan mətbuatı səmimiyyət ifadəçisi kimi insanların həqiqi dostuna çevrildi. Məhz səmimi dost sadə azərbaycanlını var olmaq uğrundakı mübarizənin vacibliyinə inandıra bilərdi və inandırdı da – Vətənimiz müstəqilliyinə qovuşdu.

Müstəqilliyin ilk illərini haradasa səmimiyyətin sınağı dövrü kimi də xarakterizə etmək mümkündür. Mətbuatımız sınaqdan necə çıxdı, bu barədə kifayət qədər söhbət açmaq, mənfi və müsbət cəhətləri sıralamaq olar. Ancaq bir məqam mütləq vurğulanmalıdır: jurnalistlərimiz dövlət suverenliyində müstəsna pay sahibi olmalarına rəğmən, prosesdə daşıdıqları müstəqillik missiyasını özlərinin gündəlik fəaliyyətlərinə gətirə bilmədilər – 1998-ci ilədək Azərbaycanda senzura saxlanıldı. Qəribə yaşantıdır, o boyda müstəqillik hadisəsində mühüm rol oynayasan, onun gətirdiyi dividentdən sənə pay düşməyə…

Lakin o zamanın şərtlərini də incələməliyik. 1991-1992-ci illər – qeyri-müəyyənliyin hakim kəsildiyi dövr, prezident seçkisi, xoş gün arzulayan xalq, torpaqlarımızın işğalı, puça çıxan ümidlər və mətbuat. Müəyyən mənada səmimi olmağın mümkünsüzləşdiyi zaman kəsiyinə qədəm qoyduq. Siyasət özünün sərt üzünü göstərdi. 1993-1995-ci illər – dövlət quruculuğu yolunda ilk addımlar, çevriliş cəhdləri, qiyamlar və mətbuat. Bəlkə də sonuncu hadisələrin bu cür axarına hazır deyildi…

1995-1998-ci illər – dövlət quruculuğu xətti, dünyaya tanınmaq istiqamətindəki səylər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı intensiv xarici siyasət, daxili problemlərin aradan qaldırılmasını hədəfləyən niyyətlər. Əlbəttə, mətbuat təbiətinə uyğun şəkildə hadisə və proseslərin mərkəzindədir, onun fəallığı var, amma o, özü ilə əlaqədar məsələlərə köklənmək üçün sadəcə vaxt tapmır. Vaxtı unudub, ara-sıra mənafelərini bəyan etsə də, sanki öyrəşiklidir. Elə bil, səhifələrinin ağ çıxmasını, “qayçılama əməliyyatı”nı adi sayır…

Amma bu belə deyildi. Qayəsi müstəqilliklə yoğrulmuş mətbuat başının üstünü damokl qılıncı kimi kəsdirmiş senzuranı görürdü. Sadəcə dövrün şərtlərini daha çox düşünürdü. Həmin şərtlər müstəqil siyasət yeritmək uğrunda çarpışan dövləti ehtiyatlı davranmağa sövq edirdi. Axı, dəyişən reallıqların kütləvi informasiya vasitəsi amilini ön plana çıxardığı bir dönəmdə senzurasız mətbuatın sui-istifadə mahiyyəti hər an aktuallaşa bilərdi. Müharibə şəraitinin hələ tam sovuşmadığı ölkə üçün əlavə problemlər yaranardı. Həqiqi jurnalistlərimiz məhz bu vəziyyətdə fəaliyyət göstərirdilər. Ancaq qarşıda gedilməsi nə vaxtsa mütləq olan bir yol da görünürdü. Ehtimal edilən hər cür xoşagəlməzliklərə rəğmən o yol gedilməliydi.

Gedilməsi böyük siyasi iradə, qətiyyət tələb edən o yola “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 avqust 1998-ci il tarixli fərmanı ilə çıxıldı. Fərman Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirrini mühafizə edən Baş İdarənin fəaliyyətinə son qoydu – bu, senzuranın ləğvi idi.

Lakin sənəd təkcə senzuranı tarixin arxivinə göndərmədi, həmçinin Azərbaycanda media sahəsindəki kompleks və ardıcıl dövlət siyasətinin gələcək konturlarını müəyyənləşdirdi. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun yeni, daha təkmil variantı hazırlandı. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi mətbuata dövlət nəzarəti mexanizmini tamamilə sıradan çıxardı. Daha sonra baş verənlər də hamımızın yaxşı xatirindədir. İlk dəfə olaraq müstəqil Azərbaycan Respublikası jurnalistlərinin qurultayı keçirildi. Mediamız Mətbuat Şurasının timsalında özünütənzimləmə strukturunu formalaşdırdı.

Sadaladığım tədbirlərdə götürülən başlıca xətt KİV-lərimizi azad və müstəqil görməyə əsaslanırdı, məhz azad və müstəqil medianın imkanlarının demokratik cəmiyyət quruculuğu yolunda səfərbər olunmasını nəzərdə tuturdu. Təbii ki, demokratik media dəyərlərinin hakim kəsilmədiyi mühitdə jurnalistikadan qeyri-peşə müstəvisində yararlanmaq istəklərinin baş qaldıracağı da götür-qoy edilirdi. Dövlətçiliyə, milli və mənəvi maraqlara təhdidlərin artma ehtimalı ilə azad media prinsipləri eyni tərəzinin ayrı-ayrı gözlərinə qoyulurdu. Əlbəttə, o zaman birincilər ikincidən ağır gəlirdi. İlk baxışdan yola çıxmaq kifayət qədər riskli görünürdü. Belə bir durumda prinsipial fəaliyyət xətti baxımından ağırlığı ikincinin xeyrinə dəyişmək zərurəti yarandı. Əslində ümummilli liderimiz Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar məhz həmin ağırlığı dəyişdi. Heydər Əliyev bunu həqiqi jurnalistlərə bəslədiyi inamından və etimadından irəli gələrək etdi. Bu cür münasibət yalnız əsl dostdan gələ bilərdi və prezident Heydər Əliyevin “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatı ilə bağlı keçirdiyi sorğuda qalib gəlməsi dostun dostla həmrəylinin bariz göstəricisiydi. Dövlət başçısının ölkənin media məkanındakı ən nüfuzlu mükafatla təltifi həm də onun mətbuatın yaxın tariximizin müxtəlif dövrlərində göstərdiyi xidmət nümunələrinə verdiyi dəyərə, jurnalist peşəsini yüksək tutmasına adekvat münasibətin ifadəsiydi.

Senzuradan, dövlət nəzarətindən azad olmuş medianın fəaliyyət dəst-xətti heç də cəmiyyətin ondan gözləntilərini doğrultmurdu. Sayı gündən-günə artan kütləvi informasiya vasitələrinin heç də hamısı həqiqi jurnalistika prinsiplərinə sədaqətli deyildilər. Söz azadlığından ayrı-ayrı vətəndaş qruplarının azadlığını məhdudlaşdırmaq aləti kimi yararlanların sırası genişlənirdi. Belələrinin tədricən çoxluğa yiyələnmələri cəmiyyətin jurnalistikaya olan münasibətinə təsirsiz qalmırdı. Əlbəttə, münasibət mənfi idi və mövcud durumun əziyyətini həyatını peşə dəyərlərinə sadiq qalmaqla keçirənlər çəkirdilər. Təəssüf ki, onların bir çoxu çıxış yolunu jurnalistikanı tərk etməkdə gördü.

Mediadan uzaqlaşanlar üçün təkcə mənəvi sıxıntılar başlıca səbəb deyildi. Jurnalistika gəlirsiz əməyə çevrilmişdi. Reklam bazarının həddən artıq zəifliyi KİV-lərin müstəqil şəkildə fəaliyyət göstərmələrini əngəlləyirdi və bu da medianın siyasiləşməsinə rəvac verirdi. Ayrı-ayrı mətbuat orqanları özlərinin yaşamlarını sürdürmək üçün bu və ya digər maraqlı qrupun ruporuna çevrilirdilər. Həm onlar, həm də KİV təsis etməklə jurnalistikadan sui-istifadə yolu tutanlar nəticə etibarilə senzurasızlığın demokratik media dəyərlərini formalaşdıracağına olan ümidləri heçə endirirdilər. Və daha mənfi nəticə: mövcud durumda həm media, həm də cəmiyyət uduzurdu.

Azərbaycanın iqtisadi imkanlarının artmasından bir çox sahələr faydasını götürürdülər. Bunun mediaya sirayət etməsi çətin proses idi. Sahənin infrastrukturunun yenidən qurulmasının daxili imkanlar hesabına gerçəkləşdirmək xeyli dərəcədə reklam bazarından asılıydı. Lakin ümumən bazar münasibətləri də oturuşmamışdı.

Digər tərəfdən, qlobal miqyasda medianın konvergensiya mərhələsinə qədəm qoyması onun funksiya və vəzifələrində də dəyişikliklər yaradırdı. KİV-lərin kommersiya məqsədləri daşıdıqları ictimai missiyanı üstələyirdi və labüd prosesə çevrilmiş bu reallıqda Azərbaycan jurnalistikası üçün həlli vacib məsələlər özünü daha kəskin surətdə göstərirdi – eyni zamanda həm cəmiyyətin maraqlarını qarşılamaq, həm özünün strukturunu yenidən formalaşdırmaq, ənənəvi mediadan onlayn media keçidin gətirdikləri yenilikləri dəyərləndirmək, dünyanın media məkanına inteqrasiya yolu tutmaq, Azərbaycan həqiqətlərinin fəal təbliğçisi qismində çıxış etmək lazım idi. Bu vəzifələrin icrasını medianın yalnız reklamdan gəlir götürəcəyi mexanizminin qərarlaşacağı mərhələyə saxlamaq vaxt itkisi olardı.

Deməli, bəlli mərhələ çərçivəsində istər jurnalistikanın daxili tələbatlarını, istərsə də ictimaiyyətin media gözləntilərini ödəmək baxımından effektiv təsir vasitələrinin həyata keçirilməsini şərtləndirəcək forma üzərində iş aparmaq lazım idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” bütün bu kimi həlli vacib məsələləri dövlət siyasətinin mühüm tərkib hissəsi kimi gördü. Kompleks səciyyə daşıyan sənəd medianı bazarın mənfi təsirlərindən, daha dəqiq desək, məhrumiyyətlərindən sığortalamaqla KİV-lərə öz oyun qaydalarını formalaşdırmaq imkanı verdi.

Həm Konsepsiyanın qəbulu, həm də orada nəzərdə tutulanların icrası məqsədilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti mediaya qayğı ənənələrini vahid sistem halına saldı. Mövcud sistemdə jurnalistlərin yaradıcılıq baxımından fərqlənmələrinə maneçilik törədən obyektiv amillərin sıradan çıxarılması prioritet seçildi. Bu siyasət həqiqi jurnalistikanı senzurasızlığın formalaşdırdığı “jurnalistlər ordusundan” tam fərqli müstəviyə çıxardı. Cəmiyyət üzvləri peşənin imtiyazlılığını gördülər və jurnalist adı ilə onları təngə gətirənləri əsl qələm sahiblərindən ayırmağa başladılar.

Ümumən İlham Əliyevin hakimiyyətdə olduğu ötən on il müddətində mediaya qayğı ənənəsi ən müxtəlif fundamental çalarlarla zənginləşdi. Bu siyasətdə KİV sahəsində yeni qanunların qəbulu ilə qanunvericilik bazasının təkmilləşməsindən, onun beynəlxalq standartlara uyğunlaşmasından tutmuş jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinədək bütün detallar nəzərə alındı. Mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmlənməsinə, jurnalistlərin peşəkarlıqlarının yüksəlməsinə yönələn davamlı proseslər jurnalistləri təkcə peşələrinə bağlamadı, eyni zamanda medianın cəmiyyətdəki nüfuzunu yüksəltdi.

Sonda onu da deyim ki, mediaya dövlət dəstəyi xətti heç də bütün dövlətlər tərəfindən həyata keçirilmir. Fikrimizin isbatı üçün vurğulanmalı, sadalanmalı çox məqamlar, hətta mürəkkəbliklər də var. Və müasir dünyanın mürəkkəb reallıqlarını da nəzərə alsaq, heç də hər dövlət mediaya qayğı göstərməklə diqqət çəkəcək qədər cəsarətli ola bilmir. Hesab edirəm ki, prezidentimizin şəxsində dövlətimizin nümayiş etdirdiyi cəsarət və istək Azərbaycan jurnalistinin daxili aləminə hakim kəsilmiş səmimiyyətə ən böyük qarşılıqdır. Bu münasibət dövlətlə ictimai missiya yerinə yetirən medianın vəhdətinin yaradılmasına xidmət edən böyük, nəsillərə miras qalacaq örnəkdir. Bu, eyni zamanda səmimiyyətin rəhni sayılan dostluğun misilsiz ifadə formasıdır. Azərbaycan jurnalistləri də bir daha dostluğa olan sədaqətlərini ortaya qoyurlar. Onlar səmimidirlər, onların dostu Prezidentdir.

 

Əflatun Amaşov

Azərbaycan Mətbuat Şurasının sədri