Ordumuz düşmənin hərbi potensialının məhv etdi və onu ağır məğlubiyyət uğratdı

Deputat Tamam Cəfərova  44 günlük Vətən müharibəsində ölkəmizin istər döyüş meydanında, istərsə də diplomatik və digər sahələrdə əldə etdiyi möhtəşəm qələbə və onun qorunması istiqamətində atılacaq addımlarla bağlı suallarını cavablandırıb.

– Tamam xanım, Vətən müharibəsinin başlamasından 1 il ötür. İlk qələbə xəbərini kimdən eşitdiniz və həmin an keçirdiyiniz hissləri bizimlə bölüşməyinizi istərdik.

– Düşünürəm ki, bu xəbər, hamı kimi, mənim üçün də gözlənilməz oldu. Sentyabr ayının 27-dən etibarən bütün Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin müraciətlərini, tvitlərini səbirsizlik və həyəcanla gözləyirdi. Demək olar ki, 44 günün hər günü cənab Prezident yeni müjdə verirdi. Noyabr ayının 9-dan 10-a keçən gecə televiziya qarşısında xəbərləri izləyirdim. Saat 2-3 radələrində aparıcı cənab Prezidentin yarım saat sonra xalqa müraciət edəcəyini anons etdi. Əlbəttə, bu xəbəri fərqli və daha böyük bir həyəcanla qarşıladım. Ona görə ki, xüsusilə Şuşanın işğaldan azad olunması xəbərindən sonra daha möhtəşəm bir xəbərin gələcəyini gözləyirdim. Doğrusunu desəm, həmin anonsdan sonra nə qədər vaxt keçdiyini bilmədim. Qələbə xəbərini cənab Prezidentin xalqa müraciəti ilə öyrəndim və onu da deməliyəm ki, o an sevinc göz yaşları ilə keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Onu deməliyəm ki, o an sevincdən daha çox qürur hissi yaşayırdım. Çünki bu, sadəcə qələbə deyil, düşmənin kapitulyasiya aktını imzalaması idi. Bu, eyni zamanda, hərbi-siyasi qələbə idi. Ona görə ki, bu qələbə nəticəsində üç rayonumuz bir güllə atmadan, heç bir itki vermədən geri qaytarılırdı. Belə möhtəşəm tarixi anları yaşadığım üçün Allaha şükür edir və, hər bir azərbaycanlı kimi, qürur, fərəh və sevinc hissi keçirirdim.

– Tamam xanım, ötən bu bir il ərzində Qarabağda başladılan quruculuq və infrastrukturun yenidən qurulması ilə bağlı görülən işlərin nə zaman yekunlaşması gözlənilir?

– Bildiyiniz kimi, ermənilər 30 il ərzində işğalda saxladıqları bu torpaqlarda böyük talan və dağıntılar həyata keçirib, sözün həqiqi mənasında daşı daş üstündə qoymayıb. Evlər, sosial obyektlər, məscidlər, mədəni, tarixi və dini abidələr, infrastruktur – bir sözlə yaşama, sivilizasiyaya aid nə varsa, hər şey məhv edilib. Odur ki, bütün bunların yenidən bərpa edilməsi, müasir tələblər səviyyəsində yenidən formalaşdırılması uzun vaxt və böyük maliyyə vəsaiti tələb edən bir məsələdir. Ona görə də bütün bu işlərin tam olaraq nə zaman, hansı tarixdə başa çatacağını qabaqcadan söyləmək, bununla bağlı qəti tarix demək mümkün deyil. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və ətraf rayonlarda həyata keçirilən quruculuq işlərinin miqyas və əhatəliyinə nəzər salsaq, deyə bilərik ki, yaxın bir neçə il ərzində bu torpaqlarımızda müasir kənd və qəsəbələr, müasir şəhərlər yaradılacaq, “ağıllı kənd”, “ağıllı şəhər” layihələri uğurla başa çatdırılacaq. Şuşa şəhərində bir sıra sosial-mədəni layihələrin müvəffəqiyyətlə gerçəkləşməsi, Cəbrayıl, Zəngilan rayonlarında kənd təsərrüfatı xarakterli layihələrin həyata keçirilməsi və s. kimi addımlar buna nümunədir.

– 44 günlük Vətən müharibəsi dünyaya Azərbaycanı gücünü göstərməklə yanaşı, dostumuzu və düşmənimizi də bizə göstərdi. Təəssüf ki, 44 gün ərzində terrorçunu dəstəkləyənlər hələ də öz oyunlarını davam etdirməkdədirlər. Bu oyunlar qarşısında dövlət və diaspora təşkilatları hansı addımları atmalıdır?

– Əslində dövlətimizin bununla bağlı atdığı addımlar, yürütdüyü siyasət məlumdur. Xatırladım ki, Prezident, Ali Baş Komandan İlham Əliyev hələ 44 günlük Vətən müharibəsi dönəmində dünyanın ən qabaqcıl media orqanlarına, televiziyalarına verdiyi müsahibələrdə sadəcə erməni faşizmini deyil, onu himayə edən qüvvələri də ifşa etmiş, Ermənistana havadarlıq edən dövlətlərə xəbərdarlıq ünvanlamışdı. Prezident bildirmişdi ki, Ermənistanı silahlandıran, ona hərbi-siyasi baxımdan dəstək verən qüvvələr öz məqsədlərinə çata bilməyəcək, Azərbaycan ordusu Ermənistana verilən silah-sursatı, texnika və raketləri məhv etməkdə davam edəcək, necə ki, Vətən müharibəsi dönəmində, cəmi 44 gün içində Azərbaycan ordusu düşmənin hərbi potensialının 80%-ni məhv etdi və onu ağır məğlubiyyət uğratdı.

Təbii, bu gün Ermənistanı himayə edən qüvvələr, müəyyən mərkəzlər var ki, bu qüvvələr bundan sonra da ifşa edilməli, beynəlxalq qınaq obyektinə çevrilməlidir. Bu məsələdə diaspor təşkilatlarının üzərinə xüsusilə böyük məsuliyyət düşür. Diaspor təşkilatlarımız təmsil olunduqları ölkələr də, erməni faşizmi ilə yanaşı, ona dəstək verən, bu faşizmi dirçəltməyə çalışan qüvvələri ifşa etməli, onların sadəcə Azərbaycan deyil, sivil, demokratik dünya, beynəlxalq sülh üçün nə qədər təhlükəli olduğunu müxtəlif media orqanları, sosial şəbəkələr, digər platformalar vasitəsi ilə öz cəmiyyətlərinə göstərməlidirlər.

– Dövlətimiz tərəfindən hər zaman şəhid və qazi ailələrinə xüsusi diqqət, qayğı vardır. Bundan sonra da şəhid ailələrinin və qazilərimizin sosial durumunun yaxşılaşdırılması istiqamətində hansı addımların atılması gözlənilir?

– Şəhid və qazi ailələrinə diqqət və qayğı dövlət siyasətimizin prioritet məsələlərindən biri, mən deyərdim ki, birincisidir. Ölkəmizdə şəhid ailələri və müharibə əlilləri mənzil və  avtomobillə təmin olunur. Şəhid ailələrinin, qazilərin məşğulluq probleminin həllinə, sosial ehtiyaclarının yüksək səviyyədə qarşılanmasına, hərtərəfli qayğıyla əhatə olunmasına mühüm diqqət yetirilir.

Xatırladım ki, 1997-2021–ci illər ərzində şəhid ailələri və müharibə əlillərinə 10 mindən çox mənzil və fərdi ev verilib. Bununla yanaşı, 2021–2025–ci illərdə isə, 11 minədək ev və mənzillərin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi nəzərdə tutulub ki, bu da dövlətin şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə olan münasibətindən, sevgi və qayğısından xəbər verir.

Əminliklə deyə bilərəm ki, biz yaxın gələcəkdə şəhid ailələri və qazilərin bütün sosial problemlərinin tam və yüksək səviyyədə həllinə, onların sosial rifahının daha da yüksəldilməsi istiqamətində yeni, sistemli addımların atılmasına şahid olacağıq. “YAŞAT” Fondunun yaradılması, ölkə başçısının bununla bağlı verdiyi çoxsaylı göstərişlər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu müstəvidə sərgilədiyi qətiyyət və iradə, mühüm dövlət proqramlarının qəbulu şəhid ailələri və qazilərimizlə bağlı məsələlərin bundan sonra da dövlətimiz üçün öncəlik təşkil edəcəyini göstərir.