Ordumuz hər birimizin qürur mənbəyidir.

“Azərbaycan xalqı artıq 3 ildir ki, 26 iyun – Silahlı Qüvvələri Gününü müzəffər ordu və qalib xalq kimi qeyd edir. Azərbaycan ordusu təkcə son iki yüz ildə bizə ilk qələbə sevincini yaşatdırmadı, eyni zamanda öz rəşadətli qələbəsi ilə adını müasir dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Bu gün dünyada başımızı uca edən ordumuz hər birimizin qürur mənbəyidir”.

 

Bunu  açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu 44 günlük Vətən savaşında göstərdiyi hünər, peşəkarlıq, müasir hərbi texnologiyalardan istifadə edib dinc insanlara zərər vurmadan hərbi əməliyyatlar həyata keçirmək bacarığını ortaya qoymaqla dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. “Azərbaycan ordusunun belə bir yüksək peşəkarlıq səviyyəsinə çatması heç də asan proses olmayıb. Bu böyük bir zəhmət və yürüdülən məqsədlyönlü siyasətin bəhrəsidir. Azərbaycan ordusunun qalib bir orduya çevrilməsinin bünövrəsi Ulu öndər Heydər Əliyevin zamanında qoyulub. 1994-cü ilin mayında əldə edilən atəşkəsdən sonra ordu quruculuğu Ulu öndərin yürütdüyü siyasətin ana xəttini təşkil edib. Ulu öndər o zaman bəyan edirdi ki, hər bir ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qarantı məhz güclü ordu ola bilər. Ulu öndərin ordu quruculuğu istiqamətində başlatdığı uğurlu siyasət onun siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Cənab Prezidentin ordu quruculuğu tamamilə yeni bir mərhələyə qədəm qoydu və bu sahədə yürüdülən siyasət ən qısa zamanda öz bəhrəsini verdi. Ordumuz dünyanın ən güclü orduları sırasında yer aldı”, – o qeyd edib.

O, əlavə edib ki, ümumiyyətlə ölkənin müdafiə və təhlükəsizliyinin təminatının ən yüksək səviyyədə təmin edilməsi istiqamətində cənab Prezident tərəfindən genişmiqyaslı tədbirlər planı hazırlanıb həyata keçirildi:

 

“Əsas hədəf Azərbaycanı təkcə iqtisadi cəhətdən gücləndirmək deyil, həm də güclü və qüdrətli orduya malik bir dövlətə çevirmək idi. Bunun üçün ordu quruculuğu ilə yanaşı hərbi sənaye kompleksinin də yaradılıb inkişaf etdirilməsinə başlanıldı. Həyata keçirilən bu siyasət nəticəsində hazırda Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycanın hərbi məhsulları dünyanın aparıcı beynəlxalq sərgilərində nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycanın hərbi-sənaye kompleksinin inkişafı ordumuzun gücünə və dövlətimizin təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiənin təmin etməsi istiqamətindəki gücünə əlavə güc qatmaqdadır. Ordumuz daha da gücləndirilir, ölkənin müdafiə qabiliyyətinin artırılması məqsədi ilə silahlı qüvvələrin büdcəsi də ildən ilə artırılır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ordumuz ən müasir hərbi texnika və silahlarla təchiz edilib.

Məhz bu siyasətin nəticəsi idi ki, Azərbaycan ordusu Vətən torpaqlarının işğaldan azad edilməsində Ali Baş Komandanın əmrini ən qısa zamanda icra edib, düşməni ağır məqlubiyyətə uğradıb, misilsiz bir qələbəyə imza atmışdır. İndi beynəlxalq aləm Azərbaycan Ordusunun gücünü etiraf edir, onun hərbi taktikasını öyrənir.

 

Müharibədən sonra da ordumuzun daha güclü orduya çevrilməsi istiqamətində siyasət davam etməkdədir. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də cənab Prezidentin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissələri yaradılmağa başlandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci ilin dekabrında Xocavənd rayonunun Hadrut qəsəbəsinə hərbi hissənin açılışında bununla bağlı deyib: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”. Yaradılan Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Komando Qüvvələrinin yaradılması Prezident İlham Əliyevin daim diqqətindədir. Cari ilin 23 iyun tarixində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olarkən bəyan etdi ki, dünyadakı mürəkkəb geosiyasi proseslərə görə daha güclü orduların yaradılmasına ciddi zərurət var, o baxımdan da biz ordumuzu daha da gücləndirməliyik və bu istiqamətdə bütün zəruri addımlar atılacaq. Ona görə də ordumuzun daha da gücləndirilməsi məqsədi ilə Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Hazırda Azərbaycan ordusu Türkiyə ordusunun peşəkarlığı və döyüş təcrübəsinə yiyələnməkdədir. Bütün bu siyasətin ali məqsədi Azərbaycan ordusunun dünyada daha güclü orduya çevrilməsinə, həmçinin dövlətimizin suverenliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün daha etibarlı şəkildə təmin olunmasına xidmət edir. Bu məqsədlə Azərbaycan ordusu qardaş Türkiyə ordusu ilə yanaşı, Pakistan, NATO və digər ölkələrlə birlikdə davamlı hərbi təlimlərdə iştirak etməklə öz peşəkarlıq səviyyəsini artırır. Bu da ordumuzun dövlətin qarşısında duran tapşırıqların layiqincə icra olunmasına imkan verəcək. Azərbaycan ordusu hər zaman xalqımızın başını uca edəcək qürur mənbəyi olaraq qalacaq. Ordu-hakimiyyət-xalq birliyi əbədi olacaq. Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında bayrağımız Azərbaycanın bütün bölgələrində olduğu kimi, çox keçməyəcək Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə də dalğalanacaq”