Oyuncaq nazirin erməni məntiqi

Qarabag

Özünü mövcud olmayan dövlətin xarici işlər naziri kimi təqdim edən Karen Mirzoyan sensasiyalı xəbər bildirib. Onun sözlərinə görə, sən demə Avropa Dağlıq Qarabağdan başlayır.

Çətin ki, həmin qitənin sakinləri bu barədə bilir, amma Karen deyirsə, deməli, o bilir. Onun sözlərinə görə, Qarabağ təkcə dövlət deyil, həm də burda yaşayan insanlar deməkdir. Mirzoyan əlindəki sehrli çubuqla yeni “Qarabağ” milləti yaradır.

Sonrası lap gülməlidir. Özünü oyuncaq dövlətin naziri kimi təqdim edən adam, birdən bəyan edir ki, Dağlıq Qarabağın iqtisadiyyatı, demək olar ki, bərpa olunub. Burada böyük xarici sərmayələr gözləyirlər. Halbuki, İrəvanda çıxan “Joxovurd” qəzeti elə dünən xəbər vermişdi ki, Ermənistan biznes üçün əlverişli olan 100 ölkənin sırasına düşmür.

Qeyd edək ki, Azərbaycanın adı həmin siyahıda var. Həm də Ermənistanın iqtisadiyyatı Dağlıq Qarabağın istənilən sahəsindən on dəfələrlə böyükdür. Yeri gəlmişkən, bu yaxınlarda başqa bir İrəvan qəzeti kinayə ilə yazırdı ki, Dağlıq Qarabağda ən əlverişli biznes qızardılmış sendviç satışıdır.

Amma Mirzoyan bülbül kimi ötməyə davam edir. Onun sözlərinə görə, Dağlıq Qarabağda başqa ölkələrdə olmayan bir sərvət var – təcrübəli iş qüvvəsi artıqlığı. Düzdür, bu iş qüvvəsinin bu gün nə ilə məşğul olduğu bəlli deyil.

Qeyd edək ki, Karen Mirzoyanın çıxışı Rusiyanın RBK telekanalının bu dağlıq ərazidə iqtisadi artımla bağlı reportajından sonra verilib. Aparıcı Janna Nemtsova Dağlıq Qarabağda iqtisadiyyatın çiçəklənməsi ilə bağlı kiçik bir fakt belə söyləyə bilmədi.

Bəs, onda bu, nədən ötrü edilir – sensasiya və ya provakasiya xətrinə?

Mənim fikrimcə, bütün bunlar yalnız bir məqsədlə edilir – istəyirlər göstərsinlər ki, bu mövcud olmayan “dövlət” yaşayır, hətta çətinliklə olsa belə, nəfəs də alır.