Özümlə onda oxşarlıq axtarıram

3

 

 

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Romada… Tozlu oturacaqda adlı şeiri oxucuların ixtiyarına veririk.

(В Риме на грязной скамейке)

Noyabr… Qədim Roma –
Tozlu oturacaqda
əyləşmişəm sakitcə.
O başda da bir səfil
fikrə gedib, dinməyir,
təslimdir səssizliyə…
Görən nəyi düşünür –
nələr var ürəyində?..

Hiss edirəm uzaqdan,
Spirt, tütün qoxuyan,
Qəribə nəfəsini…
Üst-başından tökülən
çirkin üfunətini…
Bir ona baxıram mən,
bir də dönüb özümə.
Görəsən, bu səfildə
Nə doğma gəlir mənə?!.
Görən bezgindirmi o
Öz doğma həyatından..?

Yanımızdan ötənlər
süzürlər qaş-qabaqla;
Yenə baxıram ona,
sonra özüm-özümə
sual verib dururam:
-“Oxşarlıq varmı bizdə?”
Səfil yalan danışmır,
Yalandan uzaqdır o –
Oxşarıq buna görə?

Niyə yalan danışsın –
buna nə ehtiyac var?
Geriyə yol qapalı,
qarşıda uçurum var… –
İtirib olanını,
Tapmağasa həvəs yox…
Bir üzü var sadəcə,
iki üzə gərək yox…

Mürgüləyir sakitcə,
Xırıltı səsi gəlir. –
Anlamaq çətin deyil –
Həyatın qulu olan
Bütün insanlar yatır,
Yuxusuna bal qatır…

…amma özümlə onda
oxşarlıq axtarıram:
“Hardasa bənzərik biz!..”
Axır ki, sualıma
qısa cavab tapıram…

Noyabr… Qədim Roma…
Qocaman şam bağında
Tozlu oturacaqda
Əyləşmişəm sakitcə.
O başda da bir səfil
fikrə gedib, dinməyir,
Oturub kirimişcə…
Bu an hava dəyişir,
Külək cövlan eyləyir,
Bizi sovurub gedir…
Hardasa bənzərik biz!..

Rus dilindən çevirəni: Mahir Qabiloğlu