Pərvin Kərimzadə: “Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir”

“Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın Şuşa şəhərində keçirilməsinin mühüm siyasi və tarixi əhəmiyyəti var. Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşanın inkişafı üçün mühüm işlər görüb. Konfransda çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Bu gün ata vəsiyyəti yerinə yetirilib. Tarixi şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşa xalqımız üçün qürur mənbəyi, qəhrəmanlıq rəmzidir. Bütün dünya azərbaycanlıları Şuşanın azad olunması ilə fəxr edirlər. Çünki bu, tarixi ədalətin bərpası, beynəlxalq hüququn qələbəsi idi.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Prezident İlham Əliyevin tədbirdə çıxışında regionda təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasətindən ətraflı bəhs etdiyini xatırladan deputat bildirib: “Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını da əhatəli şəkildə cavablandırdı, Azərbaycanın sülh təşəbbüsləri haqqında məlumat verildi, Ermənistanın qeyri-konstruktiv mövqeyindən bəhs olundu. Diqqətə çatdırıldı ki, 30 il ərzində etnik təmizləmə həyata keçirən Ermənistan azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Ermənistandan və üçüncü ölkələrdən erməniləri kütləvi şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirmişdi”, – deyə Pərvin Kərimzadə qeyd edib.

Milli Məclisin deputatı deyib ki, bu gün Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Ermənistan ilə Azərbaycan arasında qonşuluq münasibətlərinin yaradılması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparmaq, münaqişədən zərər çəkmiş ərazilərdə sakinlərin reinteqrasiyasını həyata keçirməklə yanaşı, bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı əsasda tanıma və hörmət əsasında Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə start verib. Eyni zamanda, Azərbaycan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərib. Son vaxtlar Ermənistan ilə Azərbaycan arasında təmaslarda dinamikanın artmasına baxmayaraq, görünür, rəsmi İrəvan danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır, normallaşma prosesinə xələl gətirir. Prezident İlham Əliyevin dediyi kimi, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Bu isə, ilk növbədə, Ermənistanın ziyanınadır”.

Pərvin Kərimzadə qeyd edib ki, ümumiyyətlə, Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı alıb. Konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa-yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da əhəmiyyətli olub.